“Buta Airways” Bakı-Kiyev-Bakı istiqamətində reyslərin sayını artırır

1507196905408576086_1000x669_1

Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti olan “Buta Airways” Kiyevə uçuşların sayını artırmaq qərarına gəlib.

Şirkətin Ukrayna nümayəndəliyindən bildiriblər ki, oktyabrın 29-dan başlayaraq “Buta Airways” Bakı-Kiyev-Bakı reysi ilə həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və cümə günləri uçuşlar həyata keçirəcək. Aviareyslərin sayının artırılması tələbatın çoxluğu ilə bağlıdır.

Qeyd edək ki, “Buta Airways” Bakı-Kiyev-Bakı istiqamətində hazırda həftənin çərşənbə axşamı və çərşənbə günü uçuşlar həyata keçirir.

Xatırladaq ki, loukost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edir.

Üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edir. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə qeydiyyatdan keçirilən baqajı daşımaq mümkündür. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edir.

Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunur. İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə öncədən sifariş etmək mümkündür. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkündür.

Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir.

2017-10-05 / 14:43
Facebook