Bakıda MDB və Baltikyanı ölkələrin, Gürcüstan Milli Olimpiya komitələrinin forumu işə başlayıb

15066690624256952952_1000x669

Sentyabrın 29-da Bakıda MDB və Baltikyanı ölkələrin, Gürcüstanın Milli Olimpiya komitələrinin ikigünlük forumu işə başlayıb.

Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Həmrəyliyi” proqramı çərçivəsində keçirilən tədbirə 15 ölkənin Milli Olimpiya Komitəsini təmsil edən 50-yə yaxın nümayəndə qatılıb.

Forumun açılışında çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Janez Koçijançiç Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Ölkəmizin zəngin idman ənənələrinə sahib olduğunu deyən J.Koçijançiç forumda maraqlı mövzuların müzakirə olunacağını diqqətə çatdırıb.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyinin qeyd edildiyini bildirib. Nazir atletletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlərdən və respublikamızda Olimpiya hərəkatının inkişafından söhbət açıb.

Forumda birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazalarının və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin təşkilində qarşılıqlı fəaliyyət, beynəlxalq idman qurumları çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunur.

Hesabat məruzələrindən sonra forum iştirakçıları Olimpiya Hərəkatı, Olimpiya və Avropa oyunları, “Olimpiya Gündəliyi 2020”, idmanın təşviqi və digər mövzularda müzakirələr aparıblar.

Qeyd edək ki, bu forumla paralel olaraq Bakıda Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclası da keçirilir.

2017-09-29 / 14:40
Facebook