“Azərenerji” ASC-də Strateji Yol Xəritəsinin Tədbirlər Planının icra mexanizmi hazırlanıb

15066003635508839325_1000x669

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) Strateji Yol Xəritəsinin Tədbirlər Planının icra mexanizmi hazırlanıb.

Bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinə rəhbəri Yahya Babanlı məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin 3-cü Strateji hədəfi, yəni, dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınmasına dair vəzifələr “Azərenerji” ASC tərəfindən müəyyənləşdirilib, elektrik stansiyalarının səmərəliliyinin artırılması və mövcud potensialdan effektiv istifadə edilməsi məsələlərinə diqqət yetirilib.

Səhmdar Cəmiyyətdə Strateji Yol Xəritəsinin Tədbirlər Planının “Elektrik enerjisinin itkilərinin azaldılması, elektrik enerjisinin verilməsinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi” bəndinin “Modernləşmə işləri üçün baş planın hazırlanması” yarımbəndi üzrə İcra Planı hazırlanıb.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisində həlledici rolu olan elektrik enerjisi sektorunda həyata keçirilən məqsədyönlü davamlı islahatlar nəticəsində enerji sisteminin güc potensialı əhəmiyyətli şəkildə artırılıb, ötürücü və paylayıcı infrastrukturun təkmilləşdirilməsi və daha da inkişafı istiqamətində zəruri addımlar atılıb. İrimiqyaslı investisiya layihələrinin icra olunması, müasir texnologiyalar tətbiq edilməklə yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi ölkənin enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, onun regionda rolunun gücləndirilməsi və enerji bazarına çıxışı, elektrik enerjisinin ixracı üçün geniş imkan yaradıb. Bununla belə, milli iqtisadiyyatın bütün sahələrində, xüsusilə sürətlə aparılan yeni sənaye və kənd təsərrüfatı quruculuğu prosesində elektrik enerjisinə olan tələbatın durmadan artması enerji sisteminin generasiya gücünün daha da yüksəldilməsi, elektrik şəbəkələrinin yenidən qurulması və genişləndirilməsi ilə bağlı qarşıya yeni vəzifələr qoyur.

Ölkə iqtisadiyyatının yaxın, orta və uzaq perspektivdə elektrik enerjisinə proqnozlaşdırılan tələbatının dolğun şəkildə ödənilməsi, elektrik enerjisinin ötürülməsi və paylanmasının səmərəliliyinin artırılması, elektrik enerjisi itkilərinin azaldılması, istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün yüksəkgərginlikli elektrik şəbəkələrində irimiqyaslı işlərin həyata keçirilməsi tələb olunur. Şəbəkələrdə aparılması məqsədəuyğun hesab edilən işlərin siyahısına, ilk növbədə, təkmilləşdirmə, yenidənqurma, modernləşdirilmə və tikinti-quruculuq işləri ilə yanaşı, onların sxem və iş rejimlərinin, eləcə də dispetçer idarəetməsinin optimallaşdırılması tədbirləri aid edilir.

Eyni zamanda, itkilərin azaldılması məqsədilə həmsərhəd ölkələrin enerji sistemləri ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti nəzərə alınaraq, bu işlərin də qeyd olunan tədbirlərin sırasına daxil edilməsi çox mühüm məsələlərdən hesab edilir. Bu baxımdan enerji sistemində elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisinin ötürülməsinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi üzrə müasirləşdirmə işləri üçün tərtib edilən plana təşkilati və texniki tədbirlərlə yanaşı, elektrik enerjisinin qeydiyyatının aparılması sisteminin təkmilləşdirilməsi də daxil edilib.

Qeyd edək ki, İcra Planında tədbirlərin adı, gözlənilən nəticə, icra vəziyyəti və icra müddəti yer alıb.

Bir sözlə, “Azərenerji” ASC-də Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində tərtib edilən İcra Planı bu istiqamətdə keyfiyyətcə yeni mərhələnin başlanılması, bu sahədə innovativ texnologiyaların tətbiqi, enerji sisteminin səmərəliliyinin yüksəldilməsi, elektrik enerjisi istehsalı, ötürülməsi və idarə olunması üzrə maddi-texniki bazanın müasirləşdirilməsi işləri üçün baş layihədir.

2017-09-28 / 16:16
Facebook