Azərbaycan mülki aviasiyasının uçuş heyətinin ənənəvi ümumi iclası keçirilib

15065932086117849220_1000x669

Sentyabrın 28-də Azərbaycan mülki aviasiyasının uçuş heyətinin ənənəvi ümumi iclası keçirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov Prezident İlham Əliyevin Azərbaycanın mülki aviasiyasına göstərdiyi daimi diqqət və qayğısını bir daha vurğulayaraq, dövlət başçısının pilot Aleksandr Pavloviç Plemakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncamını oxuyub.

İclas bir qrup hava gəmiləri komandirlərinin təqaüdə yola salınması mərasimi ilə davam edib. Cahangir Əsgərov onlara yüksək peşəkarlıq və mülki aviasiyanın inkişafındakı töhfələrinə görə minnətdarlığını bildirib. Sonra qiymətli xatirə hədiyyələri təqdim olunub.

Ənənəyə uyğun olaraq Cahangir Əsgərov iştirakçılara ümummilli lider Heydər Əliyevin “Azərbaycan mülki aviasiyasının ən vacib vəzifəsi uçuşların təhlükəsizliyini təmin etməkdir” sözlərini sitat gətirərək, iclasın əsas gündəliyini müzakirəyə çıxarıb.

“Azərbaycan Hava Yolları” QSC-nin uçuşların təşkili üzrə vitse-prezidenti İlham Əmirov uçuşların təhlükəsizliyi məsələləri üzrə məruzə ilə çıxış edib. Daha sonra müzakirələrdə komanda-təlimatçılar heyəti iştirak edib.

İclasda həmçinin uçuşların təhlükəsizliyinin gücləndirilməsi, müasir hava gəmilərinin istismarı, yeni texnologiyaların tətbiqi, heyətin ixtisas səviyyəsinin artırılması və digər məsələlər müzakirə olunub.

2017-09-28 / 14:22
Facebook