Polina Rəhimova: Avropa çempionatının Bakıda keçirilməsi ölkəmiz üçün çox gözəl bayramdır

15064055894423036008_1000x669

Voleybol üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox gözəl bayramdır. Bu, hamı üçün böyük hadisədir. Azərbaycana güclü komandalar gəldiyindən bütün zallar azarkeşlər və voleybol həvəskarları ilə doludur.

Bu barədə müsahibəsində Azərbaycan qadın voleybol yığmasının üzvü, bir oyunda yığılan xalların sayına görə dünya rekordunun sahibi Polina Rəhimova bildirib.

O, qeyd edib ki, Almaniya millisi ilə oyundan sonra yorğunluq hiss olunur, çünki dünənki oyunda gərginlik heç də Polşa komandası ilə oyundakından az deyildi. “Polşa zəif rəqib deyil. Almaniya ilə oyunda meydana gənc voleybolçular çıxdı. Onlar böyük səy göstərib sonadək təslim olmadılar. Mənə bir az çətin idi, çünki üç ilə yaxındır ki, Asiya komandasında oynayıram, Avropa oyunlarını və çempionatını izləmirəm. Bu səbəbdən həmin oyunçuları tanımıram”, - deyə P.Rəhimova əlavə edib.

Milli yığmanın oyunlarını izləməyə gələn Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısına görə təşəkkür edən Polina Rəhimova Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Gimnastika Arenasında çempionatın keçirilməsinə yaradılan gözəl şəraitə görə də minnətdarlığını bildirib.

P.Rəhimova komandanın ümidləri doğruldacağına inandığını söyləyib. “Biz irəli sürülən məsələləri mərhələlərlə həll etməyi qarşımıza məqsəd qoymuşuq. Əvvəlcə öz qrupumuzdan lider çıxdıq, sonra isə çalışacağıq qələbə qazanıb azarkeşlərimizi sevindirək”, - deyə Azərbaycan voleybolçusu əlavə edib.

2017-09-26 / 11:40
Facebook