Gənc cüdoçularımız Avropa çempionatının birinci günündə altı medal qazanıb

1505546410827634555_1000x669

Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatına start verilib.

Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, yarışın birinci günündə Azərbaycan milli komandasının 13 üzvü tatami üzərinə çıxıb. Yığmamız böyük uğur qazanaraq aktivinə altı medal yazdırıb.

Ölkəmizi təmsil edən Kəramət Hüseynov (60 kq) və Hidayət Heydərov (73 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionatının qızıl medalına sahib olublar.

Rəşxan Baxışəliyev (55 kq) və Murad Fətiyev (73 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənməli olublar.

Xanım cüdoçularımızdan Gültac Məmmədəliyeva (48 kq) və Nəzakət Əzizova (52 kq) isə çempionatın bürünc medallarına layiq görülüblər.

Bununla da, Avropa çempionatının birinci günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan millimiz mötəbər turnirin ilk pilləsində qərarlaşıb.

Qeyd edək ki, 41 ölkədən 402 idmançının mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 10 oğlan və 6 qız cüdoçu ilə təmsil olunur.

2017-09-16 / 11:35
Facebook