Universiada: Azərbaycan taekvandoçusu Məhəmməd Məmmədov bürünc medala sahib olub

15036548396112432623_1000x669

Taekvandoçumuz Məhəmməd Məmmədov Taypeydə keçirilən XXIX Ümumdünya Yay Universiadasının bürünc medalını qazanıb.

63 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi avqustun 25-də - taekvando yarışlarının dördüncü günündə yığmamızın hesabına beşinci medalı əlavə edib.

Dayanq üzərinə çıxan Məhəmməd Məmmədov əvvəlcə meksikalı rəqibi Reyes Edgar Al Porrasa 21:5, sonra Çin idmançısı Vinq Tai Tinə 29:9 və braziliyalı Teyxeyra Venilton Torresə 24:12 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Bununla da M.Məmmədov yarışda ən azı bürünc medalı təmin edib. Finala yüksəlmək uğrunda mübarizədə idmançımızın iranlı Mirhaşem Hosseini ilə yarımfinal görüşü isə rəqibin 19:9 üstünlüyü ilə yekunlaşıb. M.Məmmədov yarışı bürünc medalla başa vuraraq Universiadada fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Beləliklə, yarışda uğurla çıxış edən Azərbaycan taekvandoçuları komandamızın hesabına daha bir medal əlavə edərək mükafatların sayını beşə çatdırıblar.

Taekvandoçularımızdan Milad Beigi Hərçəqani (80 kq) qızıl, Ayxan Tağızadə (68 kq) gümüş, Radik İsayev (87 kq-dan yuxarı) və Səid Quliyev (74 kq) isə bürünc medallara sahib olublar.

Universiadada taekvando yarışları “G2” kateqoriyalı olduğu üçün birinci, ikinci və üçüncü yeri tutan idmançılar müvafiq olaraq 20, 12 və 7,2 reytinq xalı qazanırlar.

2017-08-25 / 15:09
Facebook