Ermənistana mesaj: hər an hazırıq!


18280897_1367435826678623_84322319_n

Bu gün Azərbaycan və Ermənistan ordusu müqayisə edilməyəcək səviyyədədir. Azərbaycanın hər cür lazımı vəsaitlərlə təmin olunmuş, çox ciddi hərbi təlim keçmiş ordusu vardır. Azərbaycanın hərbi müdafiə məqsədilə büdcədən ayırdığı vəsait Ermənistanın dövlət büdcəsi qədərdir. Ermənistan belə bir peşəkar ordunun qabağına çıxmaq iqtidarında deyil. Ermənistan hakimiyyəti isə “şanlı əsgərlər” simasında təqdim etdiyi muzdlu qoşunla çəkinmədən hərbi gücdən danışır, ordunun “qüdrətinə” dastanlar yazır. O “şanlı əsgərlər” ki, döyüşə getməkdən çəkinir, Serj Sarkisyana özgə torpaqları üçün döyüşməyəcəkləri bəyanatını verirlər.  Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi Aprel döyüşlərinin səbəb və nəticələri, insan hüquqlarının pozulması, aşkar edilən problemlər, onların həlli yolları istiqamətində Ermənistan hakimiyyətinin öz vəzifə borclarını yerinə yetirməməsinə dair hazırladığı hesabatda hərbi texnikanın qeyri-qənaətbəxş səviyyədə hazırlanması, keyfiyyətsiz yanacaq təminatı, silah-sursat təminatı sahəsində korrupsiya halları, həmçinin hərbi əməliyyatlar zamanı konkret hallarda sursat təminatının uğursuzluğu, illərlə müdafiə məqsədilə büdcə vəsaitlərinin məqsədyönlü və səmərəli istifadə edilməsinə şübhələrin olması, hərbi qulluqçuların həlak olması səbəbləri, hərbi qulluqçuların insan hüquqlarının pozulması faktları üzrə hərtərəfli, tam və obyektiv istintaq həyata keçirilmədiyi qeyd olunmuşdur. Aprel döyüşlərində Ermənistanın Müdafiə Nazirliyinin və əməkdaşlarının fəaliyyətsizliyi, cəbhədə baş verən məğlubiyyətlər, uğursuzluqlar yüzlərlərlə hərbçinin işdən uzaqlaşdırılması, hətta bəzilərinin həbsi ilə nəticələndi. Maraqlıdır ki, təkcə 2016-cı ilin avqust-sentyabr aylarında Aprel döyüşləri ilə əlaqədar Ermənistanın Müdafiə Nazirliyi 450-dən çox hərbi qulluqçunu işdən çıxarıb. Bu onu göstərir ki, aclıq və səfalət içində sürünən Ermənistan hakimiyyəti heç öz ordusuna nəzarət etmək  gücündə deyil.

2017-ci il 16-21 aprel tarixlərində baş tutan genişmiqyaslı hərbi təlimlər ordumuzun qüdrətini bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən, aprel ayının 16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlərə start verildi. Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olundu. Təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdirildi. Müdafiə naziri Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi. Verilən taktiki müdaxilələr üzrə dəyişən şəraitdə qoşunların tapşırıqları düzgün qavramaları və yerinə yetirmələri məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissələrin və bölmələrin ərazidə praktiki fəaliyyəti yoxlanıldı. Əsas diqqət silahlanmaya yeni qəbul edilmiş silah və hərbi texnikanın tətbiqi ilə taktiki fəaliyyətlərin yeni üsullarına yönəldildi.

Hərbi təlimlərə geniş kontingentin, çoxsaylı texnikanın, ehtiyatda olan hərbçilərin də cəlb edilməsi  işğalçı Ermənistan üçün bir xəbərdarlıq idi. İrimiqyaslı təlimlər, orada istifadə olunan hərbi texnika  Azərbaycan ordusunun gücünü,  düşmən üzərində qələbə çalmaq üçün hər cür imkana sahib olduğumuzu bir daha göstərdi. Eyni zamanda, bu, təcavüzkar Ermənistanın Ağdamın işğal altında olan Uzundərə adlanan ərazisində reallaşdırdığı hərbi təlimlərə də ciddi cavab idi. Həmçinin, hərbi təlimlər beynəlxalq birliyə də bir mesaj idi ki, əgər işğal olunmuş torpaqların azad olunması üçün yaxın vaxtlarda diplomatik istiqamətdə irəliləyiş olmayacaqsa, hərbi yola əl atılması üçün bütün imkanlara sahibik. Azərbaycan ordusu hər an döyüşə hazır vəziyyətdədir. Hərbi təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında qarşıya qoyulan məqsəd və vəzifələrin uğurla yerinə yetirildiyini bildirən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlarını verdi. Ümumilikdə isə bu təlimlər Ermənistana  işğal edilmiş torpaqlarımızda heç bir zaman möhkəmlənməyəcəyini və münaqişənin dondurulmadığını bir daha xatırlatdı. Azərbaycan ordusu və onun arxasında dayanan xalq inamı göstərir ki, biz bir millət olaraq Qarabağ üçün vuruşmağa daim hazırıq. Çünki Qarabağsız Azərbaycan təsəvvüredilməzdir!

Nailə Məmmədova

“Azerbaijan Realities”

2017-05-02 / 16:50
Facebook