Odlar ölkəsində, Sürət zirvəsində!

Keçən həftə yenə də dünyanın diqqət mərkəzi Azərbaycana yönəldi.  Paytaxt Bakı 2016-cı il “Formula-1” yarışlarının Avropa Qran Prisinə ev sahibliyi etdi. Dünyanın ən elit yarışlarından olan “Formula-1” yarışları içərisində sayca 8-ci Qran Pri olan Bakı Avropa Qran Prisi öz unikallığı ilə seçildi. “Formula-1" yarışlarının Şərq və Qərbin qapısında - Bakıda baş tutması ölkəmizin beynəlxalq miqyaslı idman yarışlarının keçirilməsi üçün malik olduğu potensialı bir daha nümayiş etdirdi.  Təbii ki, bu nailiyyətin əldə olunmasına təsir edən başlıca amil bu yarışlara qədər Azərbaycanda təşkil olunan dünya miqyaslı tədbirlərdir. 2012-ci il “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi, FİFA U-17 Qadınlararası dünya çempionatı, 2013-cü il Azərbaycanın milli peykə malik azsaylı dövlətlər siyahısına daxil olması, həmçinin BEİD Dırmanma üzrə Dünya Kuboku və “F2 Bakı Qran-Pri” tədbirləri,  2015-ci ildə isə qitənin bütün ölkələrinin iştirak etdiyi, minlərlə idmançının mübarizə apardığı I Avropa oyunlarının yüksək səviyyədə təşkili Respublikamıza olan beynəlxalq etimadı artırdı və Bakının daha böyük miqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını genişləndirdi. 17-19 iyun tarixlərində isə Azərbaycan “Formula-1" Avropa Qran Pri yarışlarının Bakı mərhələsinə ev sahibliyi etdi. Bu yarışlar  regionda ilk dəfə olaraq Azərbaycanda keçirilir. Ölkəmizə bəslənən ümidləri doğrultmaq üçün bu yarışa xüsusi hazırlıq işləri görüldü və bütün ümidlər özünü doğrultdu.

 

“Formula-1”in ən yeni şəhər treki özündə qədimliklə müasirliyi birləşdirən paytaxt Bakının gözoxşayan mənzərəyə sahib mərkəzi küçələrində yerləşdirildi. Trekin şəhərin tarixi məkanlarından keçməsi heç şübhəsiz ki, həm tribunalarda, həm də televiziya qarşısında əyləşən tamaşaçılar üçün qeyri-adi və yaddaqalan yarış əhval-ruhiyyəsi yaratdı. Bakı Şəhər Halqasının memarı Herman Tilkeyə görə, “Formula-1”in Azərbaycanda inşa olunmuş ən yeni treki dünyada ən sürətli şəhər treki ünvanına tezliklə yiyələnəcək. “Formula-1”in Bakı mərhələsində 11 komanda və 13  ölkədən dünyanın ən məşhur pilotlarının birincilik uğrunda mübarizəsi izlənildi. Xüsusi qeyd etmək lazımdır ki, bu möhtəşəm yarışda dünya çempionu adını qazanan 5 pilot iştirak edirdi.

 

Prezident İlham Əliyev “Formula-1" yarışlarının Bakıda keçirilməsinin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən danışarkən yarışın tamaşaçı auditoriyası baxımından, Yay Olimpiya Oyunları ilə eyni səviyyədə tutulduğunu qeyd edərək tədbirin ölkəmizə olan marağı daha da artıracağına əminliyini bildirib: ”Formula-1" yarışları bizim bölgədə ilk dəfə olaraq keçiriləcək. Bizim şərtimiz ondan ibarət idi ki, bu yarışma mütləq şəhər küçələrində keçirilməlidir. Çünki birincisi, bu yarışın təşkili üçün yeni stadionun tikintisinə biz gərək böyük vəsait xərcləyəydik. Buna lüzum yoxdur. Digər tərəfdən, xüsusi tikilmiş yerlərdə keçirilən yarışlar bir-birini təkrarlayır, bir-birinə oxşayır. Televiziyada bu yarışları seyr edərkən heç bilmirsən ki, bu yarış harada keçirilir. Bizim üstünlüyümüz ondan ibarət olacaq ki, bu, gözəl, qədim və müasir şəhərimizin küçələrində keçiriləcək. Bu günə qədər cəmi iki yerdə - Monakoda və Sinqapurda bu yarışlar şəhər küçələrində keçirilib... Əminəm ki, biz bu gözəl yarışı da ən yüksək səviyyədə keçirəcəyik".

 

Artıq Bakı da Paris və Rio-de-Janeyro  kimi bu ilin ən populyar üç idman şəhərindən biri adını qazandı.  “Formula 1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı yarış müddətində diqqətini Bakıya yönəltməklə, həm yarışları izlədilər, həm də qədim və müasir elementləri ilə seçilən Bakını daha ətraflı tanımaq imkanını qazandılar. Bütün bunlar onu deməyə əsas verir ki, Bakı Avropa Qran Prisi “Formula 1” tarixində bənzərsiz bir yarış olaraq qeyd olunacaq. Yarışların uğurlu təşkili , belə nüfuzlu oyunları keçirməyə qadir olduğumuzu bir daha sübut etdi və Respublikamız yeni bir uğura imza atdı.

Nailə Məmmədova

“Azerbaijan Realities”

2016-07-13 / 00:00
Facebook