26 iyun: Şərəf və Qürur Günümüz!

1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. Bu qərar müsəlman Şərqində ilk demokratik hökumətin ordu quruculuğunun əsasını qoydu. Təəssüf ki, 1920-ci ilin aprel işğalından sonra milli ordu ləğv edildi. Yalnız 1991-ci ildə dövlət müstəqilliyimizin yenidən bərpası ilə milli ordu quruculuğu da yenidən başlanıldı. Azərbaycan Respublikası Ali Sovetin rəyi əsasında Milli Ordunun yaradılması haqqında 1991-ci il 9 oktyabr tarixli qərar qəbul etdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

 

1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşması tam başa çatdırıldı. Ümummilli lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

 

Bu gün Cənubi Qafqazda Azərbaycan ordusu ən güclü, hazırlıqlı və ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunur. Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin həm güc və potensialını, həm də modernləşdiyini nümayiş etdirir.

 

Atəşkəsin elan olunmasından bu yana ən irimiqyaslı hərbi əməliyyat olan aprel döyüşləri də bir daha sübut etdi ki, ordumuz istənilən vaxt hücuma hazır vəziyyətdə dayanıb. Bəzi qara qüvvələr zaman-zaman millətimizdə ruh düşkünlüyünün hökm sürməsi, savaşa hazır olmaması  və s. kimi şayiələrlə ictimai rəyə təzyiqlər edirdilər. Lakin Azərbaycan ordusu və onun arxasında dayanan xalq inamı göstərdi ki, millət olaraq Qarabağ üçün vuruşmağa hazırıq. Beynəlxalq təşkilatlar, hərbi ekspertlər, hətta bəzi erməni hərbçiləri belə bu döyüşlərdə Azərbaycanın üstünlüyünü etiraf etdilər. Bu hadisələr Ermənistana bir mesaj idi: işğal edilmiş torpaqlarımızda heç bir zaman möhkəmlənməyəcəksiniz və münaqişə dondurula bilməz! Qarabağsız Azərbaycan təsəvvüredilməzdir. Necə ki ürəksiz can mümkünsüzdür. Bu Azərbaycanımızın və tariximizin haqq səsidir!

Nailə Məmmədova

 “Azerbaijan Realities”

2016-07-13 / 00:00
Facebook