Bizi hansı fəlakət gözləyir?

Ermənicə adı Oktembryan  olan və yerləşdiyi bölgənin adıyla anılan Metsamor Atom Elektrik Stansiyası bugün dünyada ən köhnə nüvə texnologiyası ilə inşa edilmişdir. Bu da onu dünyanın ən təhlükəli stansiyalardan biri edir. Ermənistanın paytaxtı İrəvandan təxminən  40 km qərbdə (Metsamor şəhərində) yerləşən bu stansiyanın tikintisinə Sovet İttifaqı dövründə - 1973-cü ildə başlanılmış, 1979-cu ildə isə istismara verilmişdir.

 

Metsamorda baş verəcək hər hansı bir hadisənin gətirəcəyi fəlakəti təsəvvür etmək üçün elə yaxın keçmişə müraciət etmək kifayətdir. Çernobıl qəzası 7000-ə yaxın insanın ölümü, 25000 insanın güclü radiasiya nəticəsində ömürlük şikəst olması, on minlərlə insan isə sonsuz qalması ilə nəticələndi. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-ndə əlillik yaranır. Hadisədən 28 il keçməsinə baxmayaraq , radiasiyanın fəsadları hələ də Avropada tüğyan etməkdədir. Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edilir. Rəsmi məlumatlara görə, onların 15 mini, qeyri-rəsmi məlumatlara görə isə 95-100 mini bir neçə ildən sonra dünyasını dəyişir. Fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6-8 milyon insan da şüalanmaya məruz qalıb. Modern, güvənilir yüksək texnologiyaya sahib, çalışqanlıqları və məsuliyyətləriylə məşhur yaponlar belə bu cür qəza ilə baş çıxarmaq qabiliyyətinə malik olmadıqlarını etiraf etdilər.

 

Araşdırmalar nəticəsində, radiasiyaya  məruz qalanların gizli şəkildə xəstəlik keçirdikləri və bunun nəticələrinin təqribən 5-30 il sonra ortaya çıxdığı təsbit edilmiştir.  Etiraf etməmələrinə baxmayaraq, bədnam qonşularımız hələ ki AES-lərdə cavabı tapılmamış tullantı problemini sadə yolla həll edir. Birincisi, bu tullantlar  işğal olunmuş ərazilərimizdə yerləşdirilir, bununla da ümumi radioaktiv fon gücləndirilir. İkincisi, bu tullantılar Araz və Kür çaylarına axıdılır. Bununla da Azərbaycan ərazisinə keçirilir. Həmçinin işğal altında olan Azərbaycan ərazisi nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi istifadə olunur. Ümumilikdə Metsamor AES-in region üçün təhdidlərini artıran əsas amilləri aşağıdakı şəkildə xarakterizə etmək mümkündür:

 

- Metsamor AES-i yalnız 8 bal gücündə zəlzələyə hesablanaraq inşa edilməsinə baxmayaraq, 9 və yuxarı bal gücündə zəlzələ riski olan ərazidə yerləşir;

- Stansiyanın təhlükəsizlik standartları köhnə və etibarsızdır – bu artıq beynəlxalq və regional təşkilatlar tərəfindən stansiyanın fəaliyyəti ilə bağlı qəbul olunmuş yekdil tezisdir. “Metsamor” üzərində qoruma qalxanı olmayan,  qatı bazalt üzərinə inşa edilmiş köhnə bir stansiyadır. Dizayn ömrü isə 30 ildir;

- AES modern reaktorlarda nəzərdə tutulan təməl qəzaların nəticələrini əngəlləyəcək şəkildə hazırlanmamışdır;

- Yanğından qorunma tədbirləri olduqca zəifdir;

- Təhlükəsizlik Analizi hesabatları mövcud deyildir;

- AES-in istismar müddətinin 2001-ci ildə bitməsinə baxmayaraq o hələ də istifadədədir.

 

Bu gün regionumuz üçün təhlükə mənbəyi rolunu oynayan Metsamorda baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobıldan geri qalmayacaqdır. Metsamor AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Qəza olacağı təqdirdə radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisini böyük təhlükə ilə üz-üzə qoyacağı şübhəsizdir. Ermənistanın region üçün faciə rolunu oynayan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması  beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir. Ona görə də dünya birliyi bu təhlükənin mahiyyətini aydın şəkildə dərk etməli və lazımı tədbirlər həyata keçirməlidir. Azərbaycan daim problemin aktuallığı ilə bağlı həyəcan təbili çalsa da müəyyən siyasi maraqlar naminə hələ də obyektiv, vahid  reaksiya qəti şəkildə bildirilməmişdir.

 

Nailə Məmmədova

“Azerbaijan Realities”

2016-07-13 / 00:00
Facebook