Novruz: birlik və dirçəliş bayramı

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz təbiətin canlanması, torpağın oyanması bayramıdır. “Novruz” sözünün mənası yeni gün, təzə il deməkdir. Bu bayram sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz bayramı bizim mədəniyyətimizin əsas ünsürlərindən biri, bizi bir millət olaraq fərqləndirən milli kimliyimizin ayrılmaz hissəsidir. Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlərin, miflərin kökü çox qədimlərə gedib çıxır. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər.
Şərqin böyük alimlərindən olan Nizamülmülk “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış “bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir. Heç də təsadüfi deyildir ki, Azərbaycan xalqının yaratdığı “Novruzu”, “Novruzgülü” kimi xalq rəqsləri bu bayrama olan sevgidən qaynaqlanmışdır.

Tarixi çətinliklərə  baxmayaraq Novruzu yaşatmaqla millətimiz öz kimliyini qoruyub, milli birliyini təmin edib. Müstəqilliyimizin əldə olunması ilə Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa başlamışdır. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir. Bu milli tarixi nailiyyət bu gün də Respublikamızda aydın və birmənalı şəkildə təsdiq olunmuşdur.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu il sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir. Azərbaycanın təşəbbüsü ilə 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında 21 mart Beynəlxalq Novruz Günü elan edilmişdir.  Belə ki, həmin tarixdə BMT Baş Məclisinin 64-cü sessiyası gündəliyinin "Sülh mədəniyyəti" adlı 49-cu bəndinə müvafiq olaraq Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduğu "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsinin təqdimatı keçirilmişdir. Tədbirdə Novruz bayramının qeyd edilməsinin tarixi, onun nəinki Azərbaycanda, o cümlədən Balkanlarda, Qara dəniz hövzəsi ölkələrində, Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə, ümumilikdə üç yüz milyon insan tərəfindən təntənəli şəkildə üç min ildən artıq bir müddət ərzində qeyd edilməsi barədə məlumat verilmişdir. İclasın sonunda yekdilliklə qəbul olunan qətnaməyə əsasən, BMT Baş Məclisi Novruz bayramının Şərq və Qərb mədəniyyətlərinin xüsusiyyətlərini, əməkdaşlıq və həmrəylik ideallarını özündə ehtiva etdiyini nəzərə alaraq, dövlətlər arasında bundan sonra da geniş həmrəylik, yüksək hörmət və ehtiramı təşviq etmək məqsədilə martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıyır, bu beynəlxalq quruma üzv olan dövlətləri Novruzla bağlı məlumatlılığının artırılması üçün səy göstərməyə çağırır. Eyni zamanda, BMT-nin üzvü olan dövlətləri və onun ixtisaslaşdırılmış orqanlarını, fondlarını, proqramlarını, həmçinin məsələ ilə maraqlanan digər beynəlxalq və regional təşkilatları, eləcə də qeyri-hökumət təşkilatlarını Novruz bayramını keçirən dövlətlərin təşkil etdikləri təntənəli mərasimlərdə iştiraka dəvət edir.

Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu bayram insana inamla yaşamaq həvəsi vəd edir. Bu əziz bayram ərəfəsində hər bir azərbaycanlıya, hər bir ölkə vətəndaşına səadət, firavanlıq, cansağlığı diləyir, ölkəmiz üçün əmin-amanlıq, rifah və tərəqqi arzulayırıq.

Nailə Məmmədova

“Azerbaijan Realities” analitik layihə qrupunun üzvü

 

2016-03-16 / 00:00
Facebook