Dahi mütəfəkkir Məhəmməd Əmin Rəsulzadə

                                                                 "Bir kərə yüksələn bayraq, bir daha enməz!"

                                                                                                                   M.Ə.Rəsulzadə

Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın siyasi mühacirətinin liderlərindən biri  Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur.

Atası din xadimi olsa da, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M. Qənizadə (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin  taleyində  böyük  rol  oynamışdır.

Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatını yaratmışdır. Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

Mübarizəyə səsləyən məqalələr yazan, bədii yaradıcılıqla məşğul olan Məhəmmədəmin milliyyətcə gürcü olan, Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı duran, Koba ləqəbli inqilabçı ilə də burada tanış olub. Koba sonralar Stalin kimi tanınan Cuğaşvilinin inqilabi ləqəblərindən biri idi. 1905-1907-ci illərdə Bakıda yaşayan və fəal inqilabi iş aparan Stalin bir necə dəfə ölüm təhlükəsilə üzləşəndə onu xilas edən gənc Məmməd Əmin olub. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olmuşdur.

Gənclik illərində RSDFP Bakı Komitəsinin öncülləriylə sıx işbirliyində olan Məhəmmmədəmin Bakı neft mədənlərinə, Azərbaycanın bölgələrinə ana dilində qəzet, jurnal və inqilaba çağrış vərəqələri göndərilməsini təşkil edib.

 O, rus müstəmləkə üsul-idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməl daşını qurmağa başladı. 1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. O, İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabının əsas rəhbərlərindən biri olur.

M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, bu partiyanın əsas orqanı olan "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur.

İranda Səttərxanın rəhbərlik etdiyi Təbriz mücahidləri Atabəy bağında gülləborana tutulduqdan, Səttərxan ağır yaralandıqdan, məşrutə hərəkatı uğursuzluğa düçar olduqdan sonra Məhəmmədəmin təqiblərdən yaxa qurtarmaq üçün İstanbula gedir. İstanbulda Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev, Yusifbəy Akçuralı və başqaları ilə görüşür, “Türk ocağı” Cəmiyyətində çalışır və “Türk yurdu” jurnalına məqalələr yazır. “İran türkləri” məqaləsini də bu jurnalda çap etdirir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar verilən əfv-ümumidən – amnistiyadan sonra M.Ə.Rəsulzadə vətənə qayıdır.

1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan “Müsəlman demokratik “Müsavat” partiyası”na daxil olur və tezliklə onun rəhbərinə çevrilir.

1914-cü ildə  M.Ə.Rəsulzadə böyük rus yazıçısı M.Qorkinin “Ana” romanının bir hissəsini dilimizə tərcümə edir. Bu isə onun inqilabi hərəkata bağlılığını əyani olaraq göstərirdi.

1915-ci ildə M.Ə.Rəsulzadə “Açıq söz ” qəzetini nəşr etdirməyə başlayır. Qəzet “Müsavat” Partiyasının əsas orqanı sayılırdı.

Bu dövr Rusiya imperiyasının çaxnaşdığı bir dövr idi. Nəticədə 1917-ci ilin fevralında Rusiyada burjua inqilabı baş verdi. Cəmiyyətdə olan siyasi partiyalar açıq fəaliyyətə başladılar. Həmin ilin iyununda “Müsəlman demokratik Müsavat partiyası” ilə martda Gəncədə Nəsibbəy Yusifbəylinin (1881-1920) yaratdığı “Türk Ədəm Mərkəziyyət partiyası” birləşdi. Partiyanın Bakıda keçirilən I qurultayında M.Ə.Rəsulzadə Mərkəzi Komitənin sədri seçildi. Bu qurultaydan sonra həmin dövr tariximizə milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilir. Hadisələrin gedişi Məhəmmədəmini fikirlərini dəyişməyə vadar edir. Rəsulzadə də Federasiyanın yaşamasının mümkünsüzlüyünü görüb əsarətdə olan xalqların öz müstəqil respublikalarını yaratması fikrinə tərəfdar çıxır. 1918-ci il mayın 27-də Zaqafqaziya seyminin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yaradılır. Bütün  çətinliklərə baxmayaraq, Azərbaycan xalqının mübariz, mərd, milli qayəli oğulları M.Ə.Rəsulzadə, Ə.B.Topçubaşov, F.X.Xoyski, N.B.Yusifbəyli və başqaları Azərbaycanın dövlət müstəqilliyinə nail oldular.

Beləliklə, 1918-ci il mayın 28-də Milli Şuranın katibi Həsənbəy Ağayev tərəfindən İstiqlal Bəyannaməsi oxundu.

Bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunduğu xəbərini dünyaya yaydı.

Azərbaycan Xalq Cümhuriyyətinin ali orqanı xalqın iradəsini ifadə edən Milli Şura idi. Milli Şuranın sədri M.Ə.Rəsulzadə seçilmiş və sona qədər bu vəzifədə çalışmışdır. Onun rəhbərlik etdiyi “Müsavat” partiyası ən böyük partiya sayılırdı.

23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyətinin zamanında idarəetmə təşkilatları yaradılır, milli ordu qurulur, sənaye inkişaf etdirilir, ana dilində məktəblərin sayı artırılır, Azərbaycan türkcəsi dövlət dili elan edilir, xarici ölkələrlə diplomatik əlaqələr qurulur, Azərbaycanın müstəqil dövlət kimi tanıdılması üçün beynəlxalq təşkilatlarla danışıqlar aparılır. Bir sözlə, M.Ə.Rəsulzadə və məsləkdaşları xalqımız üçün əvəzsiz gözəl töhfə hazırlamış olurlar. Onlar elə bir dövlət qururlar ki, hətta 1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı yenidən işğal etdikdə belə onların yaratdıqlarını tamamilə ləğv edə bilmirlər. Azərbaycan Xalq Cühuriyyətinin ərazisində, idarə olunmasında elə bir ciddi dəyişiklik etmədən Aəzrbaycan Sovet Sosialist Respublikası olduğunu elan edirlər.

M.Ə.Rəsulzadə Azərbaycan parlamentinin son iclasında 27 aprel 1920-ci il tarixində belə bir nitq söyləmişdir: “Qardaşlar! Türkiyə Azərbaycanın xilaskarıdır. Millətimizin amalını uca eyləyən bir məmləkətdir. Onun xilasına gedən bir qüvvəni biz məmnuniyyətlə yola salarıq. Fəqət bir şərtlə ki, bu qüvvə bizim azadlığımızı, müstəqilliyimizi çeynəməsin. Halbuki, qardaşlar, bizdən soruşmadan torpağımıza keçən hər hansı bir qüvvə dostumuz deyil, düşmənimizdir. Gələn rus ordusudur. Onun istədiyi 1914-cü il hüdudlarını almaqdır. Anadolunun imdadına getmək bəhanəsiylə yurdumuza gələn işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim etmək ultimatumunu qəbul etməyə ehtiyac yoxdur. Bu ultimatumu kəmali-nüfrətlə rədd edirik”.

Bu çıxışdan bir neçə saat sonra  Bakı bolşeviklərin əlinə keçdi. Qanuni AXC hökumətinin üzvləri hərə bir tərəfə pərən-pərən oldu. M.Ə.Rəsulzadə  1920-ci il avqustun 17-də Lahıcda həbs olundu. Həmin ilin noyabr ayında İ.V.Stalin onu həbsdən azad etdirib özü ilə Moskvaya aparır və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin edir. 1922-ci ilin payızında Skandinaviya ölkələrinə ezamiyyətə göndərilən M.Ə.Rəsulzadə  geri qayıtmır. O, Avropanın bir çox ölkələrini dolanaraq sonda Türkiyədə məskunlaşır. Burada çoxlu siyasi mahiyyətli əsərlər yazaraq çap etdirir. M.Ə.Rəsulzadə  həm də görkəmli ədəbiyyatşünas olmuşdur. Onun qələmə aldığı “Əsrimizin Səyavuşu”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” və digər əsərləri bu gün də öz qiymətini saxlamaqdadır.

1955-ci ildə Ankara universitetinin Tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən müalicə olunan Məhəmmədəmin martın 6-da  üç dəfə “Azərbaycan… Azərbaycan… Azərbaycan…” deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də  sabiq Azərbaycan  Milli  Şurasının  sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssflə bildirdi. M.Ə.Rəsulzadə Ankara Əsrik qəbirstanlığında dəfn edildi.

1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti  Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.


22 noyabr 2013-cü ildə isə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam vermiş Azərbaycan prezidenti İlham Əliyev bu böyük ictimai xadimin və onun silahdaşlarının xidmətlərini yüksək qiymətləndirərək  demişdir: “ …Xalq Cümhuriyyəti … doğrudan da bizim tariximizin şanlı səhifəsidir, o, müsəlman aləmində ilk demokratik respublika olmuşdur. Respublikanın baniləri Azərbaycan xalqı qarşısında çox böyük xidmətlər göstərmişlər. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir. Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir. Müstəqillik mövzularında araşdırmalar nəticəsində yaradılan əsərlərə böyük ehtiyac vardır. Çünki bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və bizim əsas müstəqillik bayramımız da 28 May bayramıdır. Çünki o vaxt Azərbaycanın dövlətçilik əsasları qoyulmuşdur".

 

Gülşən Mehdiyeva

“Azerbaijan Realities”  Qrupunun üzvü 

2016-02-03 / 00:00
Facebook