Tariximizin şanlı və qanlı səhifəsi

        Azərbaycan tarixinə həm şanlı, həm də qanlı bir gün kimi daxil olmuş 20 yanvar gecəsi silinməz faciə kimi yaddaşlara həkk olunmuşdur. Bu gün Azərbaycanın mübarizlik, qəhrəmanlıq salnaməsi, milli birliyin, mübarizliyin təcəssümüdür.  Böyük itkilərlə başa gələn tarixi gecə, 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığa can atan xalqın məğrurluğunu, əzmkarlığını nümayiş etdirdi. Günahsız insanların qətli ilə nəticələnən bu gecə - qanla yazılmış şanlı tariximiz əsil azərbaycanlı kimliyini, məğlubedilməzliyini bir daha sübut etdi.

        Artıq 20 yanvar faciəsindən 26 il ötür...Lakin bu tarixi hadisə heç vaxt unudulmur və unudulmayacaq. Nəsillər bir-birini əvəz etdikcə, yeni Azərbaycan gəncliyi formalaşdıqca bu faciə daha çox xatırlanmalı, yad edilməlidir. Hər bir azərbaycanlı üçün şərəf tariximiz yaddaqalan və unudulmaz olmalıdır. Bizim boya-başa çatdığımız, yaşadığımız bu torpaqlar Vətən uğrunda özünü fəda etmiş şəhidlərimizin qanı ilə suvarılmışdır. Bu tarixi gün  xalqımızı daha da birləşdirdi və müstəqillik uğrunda mübarizə əzmini artırdı. Bu çətin anlarda ümummilli lider Heydər Əliyev heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində  təşkil olunan etiraz yığıncağında 20 Yanvar faciəsinə siyasi qiymət verərək  demişdir: “Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü  və cinayəti idi”. Ulu Öndərin bu sözləri həmin dövrdə çox böyük siyasi əhəmiyyət daşıdığı kimi, xalqın azadlıq mübarizəsinə də dəstək vermişdi. Məhz bu mübarizə nəticəsində xalqımız uzun illər arzusunda olduğu hürriyyətə qovuşdu.

        Belə bir fikir var ki, şəhidi olmayan xalq, torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan xalqın milli mənliyi, kimliyi bilinməz. Azadlığı qanı ilə, canı bahasına qazanmayan xalq hər zaman kölə kimi yaşamağa alışar, mübarizədən kənarlaşar. Bizim bugün bu torpaqlarda rahat, müstəqil yaşamamızın səbəbkarı məhz daim heç bir mübarizədən çəkinməyən, qanı, canı naminə Vətən torpaqlarını müdafiə edən şəhidlərimizdir. Biz çoxmilyonlu azərbaycan milləti, ölkə vətəndaşları Vətənimizdə azad və məsud yaşamağmıza görə onların ruhlarına borcluyuq. Necə deyərlər, “ şəhidlər ölməz, vətən bölünməz”! Allah şəhidlərimizə rəhmət eləsin!

 

Nailə Məmmədova

“Azerbaijan Realities” analitik layihə qrupunun üzvü

 

2016-01-27 / 00:00
Facebook