“El atası”- Hacı Zeynalabdin Tağıyev

Azərbaycanın ən böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev 25 yanvar 1823-cü  ildə Bakıda başmaqçı ailəsində doğulmuşdur və  uzun, mühüm hadisələrlə zəngin ömür sürmüşdür. Başlıca fəaliyyəti kapitalist münasibətlərinin formalaşdığı və bərqərar olduğu dövrə, habelə XX əvvəllərinin coşğun siyasi çarpışmalar dövrünə təsadüf etmişdir.

 

Son dərəcə zəhmətkeş bir insan olan  Zeynalabdinin atası Tağı, övladlarını da bu ruhda tərbiyələndirib. Atasının səhərdən axşamadək çalışdığını, onları ağır zəhmətlə dolandırıdığını görən

Zeynalabdin ona kömək etmək istəyir. Oğlunun bu qayğısından riqqətə gələn atası ona başmaqçılıq sənətini öyrətməyə çalışsa da, Zeynalabdin "Mən başmaqçı yox, bənna olacağam", - deyir. On yaşına çatanda atası onu bənna yanında palçıq daşımağa işə düzəldir. 12 yaşına çatanda o, artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə başlamışdı.

 

Beləliklə, bənnaçılıq sənətini öyrənmək istəyən balaca Zeynalabdin palçıq daşımağa başlayır. Palçıq çanağını güclə, ancaq yorulmadan daşımağının müqabilində, günəmuzd 6 qəpik alır. 15 yaşında daş yonmağa başlayan Zeynalabdin artıq 18 yaşında bənna kimi ad çıxarır.

 

Elə bu ərəfədə Bakıda ilk neft dalğası başlayır.İşgüzar gənc Z.Tağıyev uzaqgörənliliyi ilə yanaşı,  həm də olduqca cəsarətli idi: o, riskə getdiyini çox gözəl başa düşərək neft biznesinə qoşuldu. Bununla yanaşı 1870-ci ildə H.Z.Tağıyevin artıq kiçik ağ neft zavodu vardı və 1872-ci ildə istehsalın yüksək olması sayəsində o, “H. Z. Tağıyev” şirkətinin əsasını qoymuşdu. H. Z. Tağıyev ağ neft istehsalı ilə məşğul olmuş ilk azərbaycanlılardan biri idi.. Bu qiymətli məhsulun istehsalındakı müvəffəqiyyət onda neft işinə maraq oyadır.   O, bununla  kifayətlənmir, bir il keçdikdən sonra iki ortağı ilə birlikdə Bibi-Heybətdə icarəyə torpaq götürərək avadanlıq alır və buruq quraraq quyu qazmağa başlayır. Lakin beş il ərzində uğur onların üzünə gülmür, xərclər artır, neft isə çıxmırdı.  Şəriklər ümidlərini itirir-öz paylarını satmağa müştəri axtarırlar, axırda Hacı özü onların pulunu verib buruğa və yerə yiyələnir. İş daha da ağır gedir. Hacı darıxmır, tək-tənha məşəqqətə dözür. Nəhayət, günlərin birində neft quyularından biri fontan vurur. Beləliklə, başmaqçı Tağının oğlu Zeynalabdin milyonçu Tağıyevə çevrilir.

 

O, neft maqnatı kimi ad çıxarsa da, iqtisadiyyatın digər sahələrinə də maraq göstərib. Təbii ki, bu maraq, ilk növbədə, Azərbaycan sənayesini inkişaf etdirmək, həmvətənləri üçün yeni iş yerləri açmaq istəyindən qaynaqlanırdı. Bu mövqedən çıxış edən Tağıyev böyük balıq sənayesi, dəyirman, toxuculuq fabriki, ticarət mərkəzi və s. kimi obyektlər açdırır. Quba, Yevlax, Ənzəli, Rəşt ərazisində yerləşən meşələr onun ixtiyarında imiş. Hacı Bakı şəhərində əvəzolunmaz arxitekturalara və dizayna malik binalar inşa etdirmişdir.  O, indiki Azərbaycan Tarixi Muzeyinin,  Şirniyyat Fabrikinin, Toxuculuq Fabrikinin binalarını tikdirmişdir.

 

Hacı Zeynalabdin Tağıyev XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında müstəsna xidmətlər göstərmiş fenomenal şəxsiyyət, ictimai xadim idi. Tariximizin bu mərhələsində elə bir hadisə yox idi ki, orada onun bu və ya başqa şəkildə iştirakı olmasın, dövrün hadisələrini yönləndirən fikir və əməl adamlarına maliyyə dəstəyi göstərməsin. Sözsüz, H.Z.Tağıyev, hər şeydən əvvəl, sahibkar idi. Azərbaycanda milli sahibkarlığın formalaşmasında, iqtisadiyyatın inkişafında müstəsna xidmətlər göstərmiş, neft sənayesinin, yüngül sənayenin, Bakı şəhərinin infrastrukturunun (Şollar su kəmərinin çəkilişi, konka şəhər nəqliyyatı və s.) təşəkkülünə dəyərli töhfələr vermişdi.

 

Nəcib və xeyirxah insan H.Z.Tağıyev zəmanəsinin ən varlı şəxsiyyətlərindən sayılsa da, o dövrdə ondan da varlılar var idi. Hacının isə ən böyük varı xalqına böyük məhəbbəti, millətinin inkişafı idi. Bunun üçün o, bütün imkanlarından, mal-dövlətindən və sərmayəsindən istifadə edirdi.

 

Hacının Bakıda gördüyü işləri sadalasaq, böyük bir siyahı alınar. Təkcə onun Müsəlman qızlar məktəbini Bakıda açdırmaq üçün verdiyi rüşvətlərin məbləğinə baxdıqda başa düşürük ki, adını belə yaza bilməyən bu insan daxilən nə qədər savadlı və uzaqgörən olub.

 

Bir gün Tağıyevdən soruşurlar ki, nə üçün oğlanlar üçün deyil , məhz qadınlar üçün məktəb açdırmaq qərarına gəldin. Bu zaman o cavab verir ki: “Bir kişi elm alarsa, o ancaq təhsilli bir insan olar. Amma əgər bir qadın təhsil alarsa, o həm təhsilli qadın, həm də bilikli, savadlı bir anadır. Savadlı anaların isə gələcəkdə düzgün cəmiyyətin qurulmasında əhəmiyyəti böyükdür”.                                                                                 

                    

Tağıyev Bakıda müsəlman qız məktəbini açmaq üçün əvvəlcə imperator III Aleksandrdan icazə istəyib. Ancaq imperator müsəlman əyalına mənfi cavab verir. Azərbaycan qızlarını təhsilli görmək istəyən Tağıyev II Nikolay taxta çıxanda icazə üçün yenə cəhd göstərir.

 

1895-ci ildə Nikolayın tacqoyma mərasimi münasibətilə onun xanımı Aleksandra Fyodorovnaya son dərəcə bahalı bir hədiyyə bağışlayır və Bakıda Aleksandra Fyodorovnanın adına qız məktəbi açmaq üçün razılıq istəyir. 1896-cı ildə şifahi, iki il sonra isə rəsmi icazə alan Tağıyev ilk növbədə məktəb binasının inşasına diqqət yetirir.   1901-ci ildə Hacı 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qız məktəbi tikdirir. Bu bütün Zaqafqaziyada yeganə qız məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Bu məktəb keçmiş Nikolayevski küçəsində yerləşir. Qız məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

 

Azərbaycanda ilk teatr binasını da Tağıyev tikdirib. 1910-cu ildə "Tağıyev teatrı"nın 30 illik yubileyi yüksək təntənə ilə qeyd edilir. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Tağıyev teatrında bərpa işləri aparılır. Sidqi Ruhulla, Hüseynqulu Sarabski və Mirzəağa Əliyev Mərdəkandakı bağ evində yaşayan Hacının yanına gedərək, onu teatrın açılışına dəvət edirlər. Tağıyev həmişə əyləşdiyi lojada görünəndə bütün zal ayağa qalxır, yeni hökumət nümayəndələri belə, o dövrün təbirincə desək, milli burjuaziyanın təmsilçisini sürəkli alqışlarla qarşılamaqdan çəkinmirlər. Bu münasibətdən son dərəcə mütəəssir olan Tağıyev göz yaşlarını saxlaya bilmir.                        

Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci arvadı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun  İsmayıl və Sadıq adlı oğlu , Xanım adlı bir qızı olmuşdu.  İkinci arvadı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu İsmayılın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi. Sona xanımdan Tağıyevin üç qızı: Leyla, Sara və Sürəyya və iki oğlu -  Məhəmməd və İlyas  olmuşdur.

 

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.

 

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabırın 1-də, 101 yaşında vəfat etmiş və sentyabrın 4-də  öz vəsiyyətinə görə Bakıda ən tanınmış din xadimlərindən olan Axund Hacı Abuturabın Mərdəkandakı, məqəbərəsinin önündə dəfn edilmişdir.                                                                              

Rəvayətlərin birində bu istəyin səbəbi bu cür izah edilir ki, H.Z.Tağıyevin Molla Abuturabla son görüşü zamanı o, Hacının var-dövlətin itirilməsi ilə bağlı sualına cavab olaraq belə demişdir: “Əgər Allah istəsə, bir göz qırpımında səni dövlətindən məhrum edər. Ona görə də əbədi olanı çox düşün ...”.

 

Çox keçmədən  Azərbaycanda Sovet hakimiyyəti qurulur. Hacının, demək olar,  bütün sərvəti bir anda əlindən çıxır. Axundun vaxtilə dediklərini xatırlayan Hacı Zeynalabdin  vəsiyyət edir: “Məni Axund Hacı Turabın  ayağı altında basdırarsınız, onun ayağının bildiyini mənim başım bilmir”. Bu vəsiyyətinə əməl edib  Hacını Axund Hacı Turabın məzarının ayaq tərəfində  basdırırlar.

 

Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə son illərdə Mərdəkanda böyük mesenatın və görkəmli din xadimi Axund Əbuturabın məqbərəsi, bütövlükdə Pirhəsən ziyarətgahı əsaslı şəkildə yenidən quruldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə əsaslı şəkildə təmir edilmiş və vaxtilə Hacının şəxsi malikanəsi olmuş Milli Azərbaycan Tarixi Muzeyinin tərkibində “Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi” də yaradıldı.

 

 Gülşən Mehdiyeva

Azerbaijan Realities Qrupunun üzvü

2016-01-21 / 00:00
Facebook