Bəşəriyyətin şah əsəri!

“Müğənni, qədim bir hava çal,

                                                                                           muğlar kimi bir muğan havası çal”
     Nizami Gəncəvi

Azərbaycan xalqı  qədim, zəngin  və özünəməxsus  mədəniyyət yaratmışdır. O, bədii yaradıcılığın ən müxtəlif sahələrində, o cümlədən musiqi yaradıcılığı sahəsində də qiymətli sərvətlər meydana gətirmişdir.                                       Muğam dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü  dövrə qədər  gəlib çatmasında mühüm rol oynayıb.      Muğam, Azərbaycan xalq musiqisi kimi öz kökü etibarilə Şərq musiqi mədəniyyətinin lap dərinliklərinə gedir. Muğamın ahəngi  - Quran oxuyan mouzəçilərdən, melodiyası - fars saraylarında  çalınan musiqidən, ifa tərzi isə, Azərbaycan aşıqları tərəfindən qoyulmuşdur.                                                             
Muğam  sənəti  azərbaycanlılar  tərəfindən  milli   özünüdərk   və   özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Bu sənət Azərbaycan ərazisində yaşayan talışlar, dağlı yəhudilər, ləzgilər, gürcülər, avarlar kimi etnik qruplar arasında da populyardır. Ümumiyyətlə muğamdakı heyrətamiz səsin bəşəri deyil, ilahi musiqi olduğunu fərq etməmək mümkün deyil. Muğam  bütün hallarda bizim daxili ovqatımıza təsir edir. O, həmişə yerinə düşür - kədərli və qüssəli anlarımızda da, sevinc və sevgi duyğuları aşıb-daşanda da. Muğam bizi həyatımızın əvvəlindən sonuna qədər daim müşayiət edir. Muğam əsrlər boyu insanı müşayiət edib, ona ruhi saflıq və ucalıq bəxş edərək, ən qədim dövrlərdən bu günə və gələcəyə körpü olub.
Muğam — Şərq ölkələrinin klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Muğam sözü iran-ərəb-türk dilində işlənilən "məqam" sözündən yaranmışdır. "Məqam" sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas (mayə) notu alətin bir pərdəsində olduğu üçün bu ad verilmişdir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır. Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olmuşdur. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi.                                                                  
Azərbaycanda  7 əsas, 3  köməkçi  muğam var. Əsas  muğamlar  “Rast”, “Şur”, “Segah”,  “Çahargah”,  “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”, köməkçi muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ Çahargah”dır. Muğam - Azərbaycanın ənənəvi  musiqisinin  ən  iri  janrının ümumi adıdır, muğam formalarının bütün növlərinə şamil olunur, hərçənd onlardan hər birinin öz ayrıca adı mövcuddur. Bu janrı təmsil edən başlıca musiqi formaları - dəstgah (vokal-instrumental və ya sırf instrumental növlər), muğam (vokal-instrumental, solo-instrumental və solo-vokal növləri) və zərbi-muğamdır.
Azərbaycan musiqisində mövcud olan bütün muğam formaları arasında öz miqyasına və bədii ideyasına görə ən böyüyü dəstgahdır. Klassik şərq muğamını yaradanlar və muğam barədə əsas nəzəri fikirlər yürüdənlər  Əbu Nəsr Farabi, Əbu Əli ibn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvi və başqaları olmuşlar. Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.  
Muğamlarımız, dəstgahlarımız zövq mənbəyi olduğu kimi, nəinki Azərbaycanın tarixi keçmişi ilə bağlı ən zəngin və çox nadir informasiyalarla soydaşlarımızın dünyagörüşünü formalaşdırır, hətta Şərq xalqlarının ictimai-siyasi həyatında baş verən tarixi hadisələrin üzə çıxarılıb müqayisəli şəkildə araşdırılmasında, öyrənilməsində mühüm rol oynayır...                                                                                                                       

2003-cü il noyabrın 7-də Azərbaycan muğamı  YUNESKO tərəfindən “bəşəriyyətin  şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" elan  edilmiş və onun vətəninin məhz Azərbaycan olduğu qeyd edilmişdir.                                                                                                                             

Heydər Əliyev Fondu 2005-ci ildən davamlı olaraq "Azərbaycan muğamları" layihəsini həyata keçirir. 24 virtuoz muğam ustadının ifaları toplanmış "Qarabağ xanəndələri" musiqi albomu böyük maraqla qarşılanan ilk və uğrulu layihədir. Fond tərəfindən 2008-ci ildə hazırlanmış "Muğam ensiklopediyası" qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir.                                                                                                             Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin inşası, son illərdə respublika muğam müsabiqələrinin, həmcinin  dünyanın bir  cox  ölkəsindən gələn gənclərin  iştirak etdiyi Beynəlxalq Muğam Festivallarının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirəcək gənc istedadlı ifaçıları üzə çıxarmaq və muğam sənətini dünyaya təbliğ etmək məqsədi daşıyır. Beynəlxalq Muğam Festivallarının  keçirilməsi bütün dünyaya muğamın Azərbaycanın milli sərvəti, həmçinin dünya musiqi xəzinəsinin incisi olmasını bir daha sübut edir.                                                                                                          

Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.                                                                                                   

YUNESKO-nun  xoşməramlı səfiri,  Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yazdığı  kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır… Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə də biz muğama dönə-dönə qayıdırıq. O artıq bizim həyatı-mızın hissəsi deyil, o bizim özümüzdür. Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz, muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”.
Xalqımızın şərəfli və kəşməkeşli  tarixini səslərdə əbədiləşdirən muğamlarımız ən ağrılı-acılı günlərimizdə həm də təskinliyimizdir. Heyrətamiz hisslər, düşüncələr, müdriklik mənbəyi olan muğam bütün hallarda – qüssəli, sevincli, anlarımızda ovqatımıza təsir edir, azadlığa və müstəqilliyə qovuşduğumuz anların fərəhini yaşadır və bizləri qələbəyə səsləyir.

Gülşən Mehdiyeva

Azerbaijan Realities Qrupunun üzvü

2015-10-22 / 00:00
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8914
Facebook