Parlament seçkiləri demokratik inkişafın göstəricisi kimi

Seçki hüququ müasir demokratik cəmiyyətin formalaşmasına təkan verən vacib dəyərlərdən biridir. Onun vasitəsilə xalq öz suveren hüquqlarını həyata keçirir. Belə ki, bu halda bütöv cəmiyyətin mənafeyi ön plana keçir, xalqın bilavasitə dövlət hakimiyyətinə təsir etmək imkanı yaranır. Seçki hüququ xalqın şəxsi düşüncəsinin genişləndirilməsinə, onun siyasi cəhətdən aktivliyinin artırılmasına, tarixi proseslərin keyfiyyətcə yeni xarekter almasına, siyasi hərarətin yüksəlməsinə şərait yaratmaqla cəmiyyətin “siyasi katalizatoru” qismində çıxış edir.
Hər bir dövlətdə cəmiyyətin siyasi həyatında iştirak etməsi vətəndaşların ali hüquqlarından biridir. BMT Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də qeyd olunmuşdur ki, xalqın iradəsi hökumətin hakimiyyətinin əsası olmalı, bu iradə öz ifadəsini vaxtaşırı keçirilən və saxtalaşdırılmayan seçkilərdə tapmalıdır.
Hakimiyyət orqanlarının formalaşmasında xalq iradəsinin ən yaxşı ifadə üsulu demokratik azad seçkilərin keçirilməsidir. Beynəlxalq təcrübədə seçkilər vətəndaşların dövlət işlərində iştirakının ən kütləvi yayılmış forması kimi qəbul olunmuşdur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən hazırlanmış ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş Əsas Qanunumuzda müstəqil Azərbaycanın dövlət hakimiyyətinin yeganə mənbəyi xalq hesab olunur. Dövlətimizin hüquqi sütunu hesab olunan Konstitusiyasının 56-cı maddəsində Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ nəzərdə tutulmuşdur. İnkişaf etmiş ölkələrin insan hüquqları sahəsində ən mütərəqqi nailiyyətlərini özündə birləşdirən Azərbaycan Respublikasının Konstitusiyasının 2-ci maddəsində müəyyən olunmuşdur ki, Azərbaycan xalqı öz suveren hüququnu ümumi, bərabər və  birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Həmçinin Konstitusiyada (maddə 54) Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin, dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ təsbit edilir.
Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasının qüvvəyə minməsindən sonra seçki qanunvericiliyi tam yeniləşmiş və seçki hüququ qanunvericiliyin vacib sahələrindən birinə çevrilmişdir. İlk dəfə Azərbaycanda 9 iyun 1998-ci ildə "Azərbaycan Respublikasının Prezidentinin seçkiləri haqqında" Qanun qəbul olunmuşdur. Bu qanun indiki seçki qanunvericiliyinin əsasını təşkil edir. 1999-cu il 27 iyun tarixdə "Bələdiyyələrə seçkilər haqqında" Qanun 2000-ci il 5 iyul tarixində "Milli Məclisə seçkilər haqqında" Qanun, 30 dekabr 1997-ci ildə "Referendum haqqında" Qanun, 23 may 2003-cü il tarixində “Seçki Məcəlləsi” qəbul olunmuşdur. Bu gün Azərbaycan Respublikasında Azərbaycan vətəndaşlarının iradəsini dövlətin və cəmiyyətin siyasi sisteminin təşkilində ifadə etməyə imkan verən, demokratik seçkilər keçirilməsinə əsas yaradan seçki qanunvericiliyi mövcuddur. Vətəndaşların seçmək hüququ yetkinlik yaşına çatması ilə 18 yaş tamamında həyata keçirilməyə başlayır. Vətəndaşlar tam həcmdə hüquq və vəzifələrə malik olduqdan sonra hüquqlarını sərbəst həyata keçirirlər.
Qeyd edək ki, ölkəmizin 24 illik müstəqillik tarixinə baxmayaraq seçki təcrübəsi qədimdir. Unutmaq olmaz ki, Azərbaycan Şərqdə ilk parlamentli respublika, eyni zamanda mürəkkəb tarixi-siyasi şəraitdə qadınlara seçki hüququ verən ilk respublikadır (1918). Müasir Azərbaycan Respublikası məhz bu varisliyin üzərində dayanmaqla şəffaf, azad, demokratik seçkilərin keçirilməsinə zəmin yaradır.
Hal-hazırda parlament seçkilərinin keçirilməsi ərəfəsini yaşayırıq. Respublikamızda 4 dəfədir ki, keçirilmiş Milli Məclis seçkiləri demokratikləşmə prosesini sürətləndirən bir çox yeniliklərlə yadda qalmış, beynəlxalq müşahidəçilər və təşkilatlar tərəfindən seçkilərin şəffaflığına, ədalətliliyinə, demokratik prinsiplərə uyğunluğuna dair müsbət rəylə qiymətləndirilmişdir. Qazanılmış hər təcrübə seçki kampaniyasının daha səmərəli keçirilməsinə imkan verir. Respublikamızda seçki praktikasının daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırma və qabaqcıl dünya təcrübəsinin tətbiq olunması üçün Seçki Məcəlləsinə bir sıra əlavələr və dəyişikliklər edilmişdir. Bu əlavə və dəyişikliklər qabaqcıl təcrübənin tətbiqinə xidmət edir, Azərbaycanda formalaşdırılan demokratik seçki mühitinin daha da möhkəmləndirilməsinə xidmət edir. Bu həm də onun təsdiqidir ki, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi ölkə rəhbərliyinin diqqətindədir. Seçkilərdə demokratiyanın təmin olunması həm də respublikamızın beynəlxalq aləmdə yerinin möhkəmlənməsində əsas amillərdən biridir.
Azərbaycan Respublikasının Konstitusiyasında (Maddə 85) Milli Məclisin deputatlığına namizədlərə aid tələblərdə müəyyən edilir ki, yaşı 25-dən aşağı olmayan hər bir vətəndaş qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər isə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.
Ədalətli seçkilər seçki prosesini tənzimləyən hüquq normalarına əməl edilməsi ilə müəyyən olunur. Seçici siyahılarının düzgün tərtib olunması, səsvermə hüququ olan hər bir vətəndaşın ümumi seçki siyahısına daxil edilməsi, həmin şəxsin seçkidə iştirakının maneəsiz həyata keçirilməsi seçkilərin ədalətliliyinin təminatıdır. Respublikanın bütün bölgələrini əhatə edən seçki məntəqəsi üzrə  quraşdırılmış veb-kameralarının geniş şəkildə tətbiq edilməsi təcrübəsi seçkilərin ədalətli təşkilində əsasdır. Belə ki, çəkiliş kameralarının tətbiqi səsvermə prosesinə dünyanın istənilən ölkəsindən daha yaxşı nəzarət etməyə imkan verir. Bu, səsvermə prosesinin demokratik əsaslarla keçirildiyinə dəlalət edir, şəffaflığı nümayiş etdirir.
Vətəndaşların ölkənin siyasi taleyində əhəmiyyətli rol oynayan millət vəkili seçimlərinə yüksək diqqət və maraq nümayiş etdirmələri seçicilərin səsvermədə fəal iştirakına imkan yaradacaq. Müxtəlif siyasi partiyaları təmsil edən namizədlərin seçkiyə qatılması da seçki prosesinin fəal keçirilməsində mühüm rol oynayan amillərdən biridir. Hər bir namizəd üçün seçki kampaniyasının bütün mərhələlərində eyni şərait yaradılır. Demokratik seçki qanunvericiliyinin mövcud olması, həmçinin seçkilərin sivil normalara uyğun şəkildə həyata keçirilməsi üçün bütün tədbirlərin görülməsi seçki kampaniyasının  xalqın iradəsini ifadə edəcək formada keçirilməsinə təminat verir.
Builki seçkilər ərəfəsində yerli müşahidəçilərin sayı artıq 14 mini keçib. Seçki məcəlləsinə əsasən ölkə üzrə müşahidə aparmaq arzusunda olanlar Mərkəzi Seçki Komissiyasına müraciət edə bilərlər. Yaşı 18-ə çatmış hər kəs birbaşa dairəyə müraciət etməklə müşahidəçi kimi iştirak edə bilər. KİV nümayəndələrinə isə heç bir akkreditasiya keçmədən MSK ilə bərabər seçkiləri izləmək imkanı yaradılıb. Həmçinin Mərkəzi Seçki Komissiyası noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb. Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd məntəqə seçki komissiyalarının üzvlərini seçki günü prosedurları ilə bağlı daha ətraflı məlumatlandırmaqdır. Kitabçada seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması ətraflı şəkildə izah olunub. MSK seçkilərlə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsinə hədəflənmiş genişmiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində isə oktyabrın 12-dən etibarən məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb. Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanmış proqrama əsasən, treninqlər kiçik qruplar şəklində - hər treninq sessiyasında 35-40 nəfərədək məntəqə seçki komissiyası üzvünün iştirakı ilə mövcud seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında keçirilir. Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlərdə məntəqə seçki komissiyalarının üzvləri səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə ətraflı məlumatlandırılır, praktiki məşğələlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır.
Noyabrın 1-də keçiriləcək parlament seçkilərində artıq 1243 nəfərin deputatlığa namizədliyi qeydə alınmışdır. Qeydə alınan namizdlərin 277-i siyasi partiyalar, 19-u Azadlıq - 2015 bloku, 2-si təşəbbüs qrupu tərəfindən, 945-i isə fərdi qaydada irəli sürülüb. Dairə seçki komissiyalarında 15272, MSK-da isə 166 müşahidəçi qeydiyyatdan keçib. Təqdirəlayiq haldır ki, builki seçkilərdə gənclər və qadınlar üstünlük təşkil edəcək.
Ümumilikdə atılan bütün addımların əsas məqsədi seçkilərdə iştirak edən vətəndaşların öz rol və vəzifələrini bilməsinə, seçkilərin şəffaf şəkildə, ədalətlilik prinsiplərinə uyğun keçirilməsinə şərait yaratmaqdır. Ümid edirik ki, qarşıdan gələn seçkilər də Azərbaycanda demokratik inkişafın göstəricisi kimi tarixə həkk olunacaq, seçki təcrübəsi baxımından yaxşı bir nümunə olacaq.

Nailə Məmmədova
“Azerbaijan Realities” analitik layihə qrupunun üzvü

2015-10-22 / 00:00
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.858
Facebook