100 ilin tarixçəsi: Çanaqqala zəfəri, absurd erməni “tələf”i

Çanaqqala tarixi zəfər, böyük bir xalqın mübarizliyinin, rəşadətinin göstəricisi, sözdə erməni soyqırımı isə kiçik bir xalqın havadarlarının dəstəyinə arxalanaraq qışqırıq və hay-küyçülüklə uydurduğu absurd yalandır. Çanaqqala zəfəri təkcə osmanlı türklərinin deyil, dünyanın hər bir yerindən könüllü şəkildə döyüşə atılan bütün Türk dünyasının şanlı səhifəsidir. Onminlərlə azərbaycanlı da bu döyüşdə böyük hünər göstərərək şəhid olmuşdur. Türkün birliyi onun yenilməzliyidir. 24 aprel tarixində bir tərəfdən şanlı bir tarixin, digər tərəfdən isə yalanlarla dolu bir “təfəkkür”ün 100 illiyi qeyd olunacaq ... Yalanınmı, yoxsa doğrununmu qələbəsi dəvət olunmuş dövlət başçılarının hansı tərəfi seçəcəyi ilə bağlıdır. Maraqlıdır, pafoslu çıxışlar, yoxsa tarixi sübutlar üstün gələcək?

Fransa prezidenti Fransua Ollandın aprelin 24-də İrəvanda təşkil olunmuş qondarma tədbirə qatılması heç də təəccüblü deyildir. Nəzərə alsaq ki, Fransa erməni lobbisinin, erməni terror qruplaşmalarının məskunlaşdığı əsas dövlətlərdəndir və Fransanın “qardaşlığı” bu baxımdan anlaşılandır. Rusiya prezidenti Vladimir Putinin Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə qondarma “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş anım tədbirlərində iştirakı isə Rusiyanın tarixi erməni “təəssübkeşliyi” idi. Diqqətçəkən məqam Putinin Çanaqqala zəfərinin 100 illiyi münasibətilə təşkil olunan möhtəşəm zəfər bayramına da dəvət olunması idi. Rusiya Prezidentinin səfər üçün Türkiyəni seçməməsi özü-özlüyündə bir çox suallara aydınlıq gətirdi. Rusiya lideri əslində bu ismarıcı ilə hələ də Ermənistanın yanında olduğunu açıq-aşkar göstərir. Anlaşılandır ki, erməni öz imperialist məqsədlərini həyata keçirmək, Qafqazda və ətraf regionlarda xristian amilini qorumaq məqsədilə Rusiya tərəfindən idarə olunan bir vəbadır.  Amma burada region üçün mühüm əhəmiyyətə malik olan bir sıra məqamlar vardır. Belə ki, Kremlin sərgilədiyi siyasət Türkiyə ilə münasibətlərdə mənfi istiqamətdə dönüş yarada bilər. Bu isə bölgəsəl abu-havanın dəyişməsinə səbəb ola bilər.  Maraqlıdır ki, Rusiya və Fransa 20 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsini “ədalətli” həllinə nail olmaq məqsədilə yaradılmış Minsk qrupunun 3 üzvündən ikisidir. Əgər bu dövlətlər açıq-aşkar qondarma soyqırım aktını tanıyır və ermənipərəst mövqe sərgiləyirsə, Dağlıq Qarabağ münaqişəsinin həllində hansı yaşıl işığı görmək olar? Azərbaycan dəfələrlə bədxah erməni əməllərindən əziyyət çəkmiş, erməni vandalizminin şahidi olmuşdur. 1948-1953-cü illərdə, 80-ci illərdə Qərbi Azərbaycanda yaşayan yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi şəkildə köçürülmüş, əksəriyyəti köç səbəbiylə qarşılaşdıqları çətinlikdən, yeni hava şəraitinə uyğunlaşa bilmədiklərindən həlak olmuşdur. Bu həqiqətlər isə bəlkə də çoxlarına sərf etmirdi. Onda bu hadisələrə də soyqırım adı verilməlidir. Çox uzağa getməyək keçən əsrin sonunda baş vermiş dəhşətli “Xocalı faciəsi” də  erməni terrorunun, erməni vəhşiliyinin ən bariz nümunələrindəndir. Lakin, təəsüf ki, beynəlxalq birlik bu mövzuda qətiyyətli mövqe nümayiş etdirmir. Pafos və quru şüarlarla çıxış edən erməni cəlladlarının heç bir fakta əsaslanmayan1915-ci il “soyqırımı” Qərb dünyasına daha inandırıcı gəlir, nəinki 23 il bundan əvvəl bütün dünyanın gözü qarşısında olan Xocalı faciəsi ...

Nailə Məmmədova
Azerbaijan Realities

2015-05-05 / 00:00
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8808
Facebook