Avropa oyunlarına doğru

Olimpiya Oyunlarının vətəni hesab olunan Avropa qitəsində birinci dəfədir ki, baş tutacaq Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük tarixi hadisə, ölkəmizin imza atdığı beynəlxalq miqyaslı uğurlardan biridir. Təbii ki, bu nailiyyətin əldə olunmasına təsir edən başlıca amil Azərbaycanın xarici arenada qazandığı uğurlar, tutduğu önəmli yerlə bağlıdır. Müstəqillik əldə etdikdən sonra səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi dünya dövlətlərinin Azərbaycana olan etimadının artması ilə nəticələnmişdir.

Bu gün Azərbaycanda çox yüksək səviyyədə yaradılmış idman infrastrukturu mövcuddur. İdman uğurla, sürətlə inkişaf edir, kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir. Dünya çempionatlarında, Olimpiya Oyunlarında, Avropa çempionatlarında bayrağımız dalğalanır. İldən-ilə idmançılarımızın uğurları, medalların sayı artır. Bu da bilavasitə ölkəmizin idman şöhrətinin yüksəlməsinə, Azərbaycanın   dünyada və Avropada idman dövləti kimi tanınmasına imkan yaradır. Təsadüfi deyildir ki, bu uğurlar Avropada baş tutacaq ilk oyunların Azərbaycanda keçirilməsi üçün məntiqi zəmin hazırladı. Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi məqsədilə Prezidentin Sərəncamı ilə yaradılan Təşkilat Komitəsinin yorulmaz fəaliyyəti isə göz önündədir.

Artıq 3 aprel tarixindən etibarən Bakı 2015 Birinci Avropa Oyunlarına biletlərin satışına start verilib. BEGOC-un bilet satışı şöbəsinin rəhbəri Miryam Bogatajın məlumatına əsasən, ümumilikdə,12 bilet satış məntəqəsi yaradılacaq. Onlardan 8-si artıq fəaliyyət göstərir. Əlavə olaraq biletlər 5 yerli şirkət vasitəsilə də satışa çıxarılacaq. Bundan başqa, biletləri onlayn qaydada internet üzərindən də almaq mümkün olacaq. Avropa Oyunlarına ümumilikdə satışa 600 000 bilet çıxarılacaq.

Oyunların başlanmasına az bir müddət qalmasına baxmayaraq, həyata keçirilən məqsədyönlü fəaliyyət belə deməyə əsas verir ki, I Avropa Oyunları istər təşkilati, istər struktur, istərsə də regional baxımdan yaddaqalan olacaq. Azərbaycan bu etimadı doğruldacaqdır.  Avropa Oyunlarının uğurlu təşkili, belə nüfuzlu oyunları keçirməyə qadir olduğumuzu bir daha sübut edəcək.

Nailə Məmmədova
Azerbaijan Realities
 

2015-04-14 / 00:00
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.858
Facebook