Azərbaycan və Vatikan: tolerant əlaqələr

Sərhədləri daxilində bir neçə dinə mənsub xalqların yaşamasına rəğmən Azərbaycan öz tolerantlığı ilə artıq dünyanın bir neçə ölkəsinə nümunə olacaq səviyyəyə gəlib çatmışdır. Əsrlərdən bəri Azərbaycanda məskunlaşmış bir neçə dinin nümayəndələri müxtəlif əqidələrə və müxtəlif mədəniyyətlərə malik olsa da, ölkəmiz daim onların qorunması üçün dinlər və mədəniyyətlərarası dialoqun yaranmasında çox böyük fəallıq göstərmişdir ki, bunun da nəticəsi göz qabağındadır.

Azərbaycan Respublikası tolerant bir ölkə olaraq katoliklərin dini mərkəzi olan Vatikanla tarixən qarşılıqlı münasibətlər quraraq bu günə qədər bu münasibətləri qoruyub saxlayır. Hətta 1912-ci ildə Azərbaycanda ilk katolik kilsəsi tikilmişdir. Təəssüf ki, həmin kilsə Sovet dövründə dinlərə qarşı mübarizə siyasəti nəticəsində 1930-cu ildə dağıdılmışdır. Lakin buna baxmayaraq, bu gün Bakıda katoliklərin müasir kilsəsi fəaliyyət göstərir.

Respublikamızla katolik xristianlarının mərkəzi sayılan Vatikan dövləti arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur və daha sonra ümummilli lider Heydər Əliyevin rəsmi səfərləri ilə inkişaf edən münasibətlər müasir mərhələdə də öz möhkəmliyini qoruyub saxlayır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il, mart ayının 5-də Vatikana rəsmi səfəri və Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə keçirilən görüş Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən xəbər verir.  Görüş zamanı mədəniyyətlərarası və dinlərarası münasibətlərə Azərbaycanın verdiyi önəmin dövlətlərimiz arasında ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı diqqətə çatdırılmış, ölkəmizdə nümunəvi tolerantlıq mühitinin olduğu, bütün dini konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı bildirilmişdir.

Həmçinin səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə geniş tərkibdə görüşü zamanı Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğu, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin hökm sürdüyü bildirilmişdir. Ölkəmizdə multikulturalizmin  inkişafına xüsusi diqqətin göstərildiyi, sabitliyin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğu vurğulanmışdır.

Beləliklə, hərtərəfli inkişaf edən ölkəmizin tolerant bir ölkə olaraq unikal siyasət nümayiş etdirməsi əldə etdiyi mühüm nailiyyətdən biridir.

Ləman Xəlilova,
Azerbaijan Realities
 

2015-03-17 / 00:00
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8964
Facebook