Baharın müjdəçisi: yel çərşənbəsi

Qədim dövrlərdən bizə irs qalmış xalqın yaratdığı mənəvi sərvətlər onun zəngin və parlaq istedadını təcəssüm etdirir. Novruz bayramı qədim ənənələrə dayanan milli ünsürləri, mənəvi dəyərləri özündə birləşdirən əsas bayramlardan biridir. Qışın axırıncı ayı Boz çillədə qışın yatıraraq dondurduğu təbiəti yaz 4 həftədə oyadır. Buna görə də Novruz gəlməmişdən öncə baharın carçısı kimi 4 həftə boyunca ocaqlar qalanır, çərşənbələr qeyd olunur.  Həmin çərşənbələr bizi Novruza daha da yaxınlaşdırır.  Bu ənənə əsrlər boyu məişət həyatımızın ən bölünməz bir hissəsinə çevrilmişdir.

Xalqımızın təmtəraqlı şəkildə qeyd etdiyi bayramqabağı çərşənbələrdən biri də yel çərşənbəsidir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel Tanrısına etiqadı ilə bağlıdır.  Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır. Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, deməli, diləyin yerinə yetəcək. Yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır.

Yel çərşənbəsində adətən hava təmizlənir. Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var.  Məsələn, "Yel əsib qoz tökülüb", "Yelnən gələn selnən gedər", "Yel apardığını qaytarmaz", "Yellə dost olan yellənə-yellənə qalar", "Yel bağlayanı el açar", "Külək kimi hərdən bir yana əsmə", "Yel əsir, yengələr oynayır", "Yel aparan yelinki, yerdə qalan mənimki", "Kələknən gələn, küləknən gedər", "Yel qayadan nə aparar"...

Qədim Türk mifologiyasında Yelin özünəməxsus obrazı var. Bu obraz Yel babanın xilaskarlıq missiyası ilə bağlıdır. Belə ki, torpağın oyanması üçün hərəkət lazım idi. Yel baba da yatmış torpağı silkələyir, oyadır, cana gətirir. Eyni zamanda, yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel çərşənbəsi  təbiəti yekun oyanışa hazırlayan bir çərşənbə hesab edilir. Əsən yellərin yalnız xoş əhval, gözəl və aydın günlər gətirməsi diləyilə... Bayramınız mübarək! Daim ocağımızın alovu gurlansın!

Nailə Məmmədova
Azerbaijan Realities

2015-03-17 / 00:00
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8964
Facebook