Prezident İlham Əliyevin Münxen səfərinin əhəmiyyəti

Azərbaycan Respublikasının xarici siyasət istiqamətləri içərisində Almaniya ilə münasibətlər xüsusi yer tutur. Bu da səbəbsiz deyildir. İkiyə bölünmüş Almaniyanın çox qısa müddətdə birləşdirilməsindən sonra vahid dövlətin iqtisadi, siyasi və hərbi potensialı son dərəcə güclənmişdir.

Almaniyanın güclü iqtisadi mövqeləri onun fəal və balanslaşdırılmış xarici siyasətini şərtləndirir. AFR-in hakim dairələri dünyada böyük siyasi rol oynamağa can atır, qlobal problemlərin həllində fəallıq göstərirlər. AFR-in silahlı qüvvələri dünyanın müxtəlif regionlarında sülhyaradıcı əməliyyatlarda iştirak edir, BMT-də mühüm qərarların qəbulunda xüsusi fəallıq nümayiş etdirir. AFR Avropa İttifaqı və NATO çərçivəsində Avropa siyasətinin formalaşdırılmasında xüsusi çəkiyə malikdir. Avropanın aparıcı dövləti rolunu təsdiqləyən AFR-in güclü hərbi potensialı da vardır.

Bu baxımdan bütövlükdə Cənubi Qafqaz regionu, ayrılıqda götürdükdə isə Azərbaycan Respublikası AFR-in strateji maraqları dairəsində olan dövlətlərdəndir. Azərbaycanın əlverişli coğrafi və geostrateji mövqeyi, habelə regionun ən böyük dövləti olmaq etibarilə zəngin təbii ehtiyat və sərvətlərə malikliyi rəsmi Bonn-Bakı münasibətlərinin perspektivlərini şərtləndirən çox mühüm, lakin heç də yeganə olmayan amillərdəndir.

Müasir dövrdə iki ölkə arasında qarşılıqlı münasibətləri inkişaf etdirən işgüzar və rəsmi səfərlər müntəzəm xarakteri ilə seçilir. Qeyd edək ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın fevral ayının 5-də 51-ci Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar səfəri həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq üçün mühüm addım sayıla bilər.

Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan aktorlardan birinə çevrilən Respublikamız Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti tərəfindən uğurla təmsil olunmuşdur. Belə ki, konfransda çıxış edən Prezident İlham Əliyev TANAP, TAP, “Şahdəniz-2” layihələrinin perspektivlərindən bəhs edərək, layihənin gerçəkləşməsində komanda üzvləri arasında əlaqələndirmə, daha çox dəstək və daha çox qarşılıqlı etibarın vacibliyini bildirmişdir.

Səfərin müsbət tərəflərindən biri də odur ki, Prezident İlham Əliyev iştirakçılar arasında təmsil olunan bir sıra ölkə rəhbərləri və nümayəndələri ilə ikitərəfli görüşlər keçirmişdir.

Beləliklə, Almaniyada keçirilən bu konfrans həm Azərbaycan-Almaniya əməkdaşlığının inkişafına, həm də ölkələrarası çoxtərəfli əlaqələrə imkan yaratmış oldu.

Ləman Xəlilova
Azerbaijan Realities
 

2015-02-17 / 00:00
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8799
Facebook