“6 yanvar” terroru: Azərbaycanın mövqeyi

Azərbaycan Respublikası Fransada baş verən hadisələrə ilk münasibət bildirənlərdən biri olmuşdur. Dövlət başçısının 7 yanvar tarixində Fransa Prezidentinə ünvanladığı başsağlığında dövlətimizin terrorizmin bütün təzahürlərinə qarşı hər cür mübarizə aparılmasını dəstəklədiyini bildirmişdir. Yeni Azərbaycan Partiyasının 9 yanvar tarixli bəyanatında isə Fransada baş verən terror hadisələri pislənilmiş, Azərbaycanın hər zaman bütün dünyanı terrorizmə qarşı birləşməyə çağırdığı ifadə olunmuşdur. Həmçinin, Azərbaycan 11 yanvar tarixində Parisin Respublika meydanında keçirilmiş həmrəylik yürüşündə də iştirak edib. Bu yürüşdə  Azərbaycanı baş nazirin müavini Əli Əhmədov təmsil edib. Bununla, dövlətimiz terrora qarşı qətiyyətli və qərəzsiz mövqeyini bir daha bəyan etmişdir.

Azərbaycan dəfələrlə terrorçuların əməllərindən əziyyət çəkmiş, terrorun nə cür bəlalara gətirib çıxardığının şahidi olmuşdur. Təəssüf ki, beynəlxalq birlik terrorizm mövzusunda da daha çox şəxsi mülahizələrə əsaslanır. Unutmaq olmaz ki, bu gün dünyada türklərə qarşı dəhşətli fəlakət və vəhşiliklər törədən erməni terrorizmi mövcuddur. Bu terror təşkilatlarının təmsil olunduğu din xristianlıqdır. Lakin bərabərlik, ədalət carçısı olan Qərb bunu görməzdən gəlir. Terroru canlı şəkildə yaşayan Fransa erməni lobbisinin məskunlaşdığı başlıca dövlətlərdəndir. Hansı lobbi ki, erməni terror təşkilatlarını maliyyələşdirməklə məşğuldur. Çox uzağa getməyək keçən əsrin sonunda baş vermiş dəhşətli “Xocalı faciəsi” erməni terrorunun ən “parlaq” səhifələrindəndir. Bakı metropoliteninin “20 yanvar” stansiyasında, "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarında törədilmiş partlayışlar, Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması, sərnişin marşrutlarında partlayışlar  və s.  bu kimi sadalamaqla bitməyən  terror hadisələri erməni əməlləridir. Lakin dünya birliyi bununla bağlı vahid mövqeyini hələ də ortaya qoymamış, bu hadisələri terror səviyyəsində qiymətləndirməyə belə cəhd etməmişdir.

Fransa, həmçinin qondarma erməni soyqırımının da tərəfdarı və təbliğatçısı olan bir ölkədir. Hətta 2001-ci ildə Fransa Milli Məclisi ermənilərə qarşı soyqırım törədildiyini qəbul etmişdir. Türkiyənin o vaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğan (indiki Prezident) Fransanın bu qərarına qarşı ibrətamiz bir cavab vermişdir: “ Soyqırım görmək istəyənlər öz çirkli və qanlı tarixlərinə baxsınlar. Əgər Fransa Milli Məclisi tarixlə maraqlanmaq istəyirsə, getsin Afrikanın, Ruandanın, Əl-Cəzairin tarixinə nəzər salsın”. 1954-cü ildən 1962-ci ilə qədər Əlcəzairin müstəqillik mübarizəsində  milyondan çox  əlcəzairli həyatını itirib. Fransızların Ruandada baş verən qırğına göz yumması isə yüz minlərlə adamın həyatına son qoyub.

Heç bir əməl – yaxşı, ya pis – cəzasız qalmır. Tarix hər bir şeyi vaxtında öz yerinə qoyur. Fransa tarixində yaşadığı bu dəhşətli terror hadisəsiylə sarsılmış vəziyyətdə olsa da, terrorun nəticələrini və təsirlərini də anlaya bilmişdir. Bu qətliama heç bir halda haqq qazandırmaq düzgün deyil. Faciəni təşkil edənlər cəzalandırılmalı, hesab verməlidir. Eyni zamanda , qətliamdan siyasi oyun naminə istifadə etmək də lazım deyil.

Nailə Məmmədova
Azerbaijan Realities

2015-01-27 / 00:00
Facebook