Qafqazın ən yaxın müttəfiqləri

Bu gün qarşılıqlı münasibətləri strateji tərəfdaşlığa əsaslanan Azərbaycan və Gürcüstan Cənubi Qafqazda ən yaxın müttəfiqlər kimi çıxış etməkdədir. Bu müttəfiqliyin möhkəmliyi isə onun tarixi köklərə bağlılığı və hər iki dövlətin tale oxşarlığı ilə əlaqədardır. Müasir mərhələdə güclü partnyorluq münasibətlərinin yaranmasını qısa olaraq bir neçə faktorla bağlamaq mümkündür: Mühüm geosiyasi əhəmiyyətə malik Qafqaz regionunda iki ölkə arasında mövcud olan əlaqələrin tarixiliyi;

1)  SSRİ-nin dağılmasından sonra hər iki ölkədə başlanan proseslərin, daxili və xarici siyasətin oxşarlığı;

2)  Müstəqillik qazandıqdan sonra hər birinin ərazisində etnik münaqişələrin mövcudluğu;

3)  Geosiyasi maraqların üst-üstə düşməsi ( məs: hər ikisinin Qərbyönümlü siyasətə can atması, MDB ölkələri arasında Kollektiv Təhlükəsizlik Müqaviləsindən imtina etmələri və s.)

4)  Müasir mərhələdə Azərbaycanın regionda lider dövlətə çevrilməsi və həyata keçirilən əsas layihələrə vasitəçiliyi, Gürcüstan Respublikasının da sosial-iqtisadi inkişaf baxımından bu üstünlükdən yararlanmaq istəyi;

5) Bir-birlərinin ərazisində hər iki xalqın nümayəndələrinin məskunlaşması və onların rahat həyatına təminat məsələsi və digər faktorlar bu gün Azərbaycan və Gürcüstan Respublikalarını yaxınlaşdıran, ikitərəfli münasibətləri strateji tərəfdaşlığa yüksəldən amillərdir.

6)  Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlər rəsmi olaraq 1992-ci ildə yaradılsa da, 1993-cü ilə qədər Azərbaycanda olduğu kimi, Gürcüstanda da siyasi vəziyyətin gərginliyi, Zviad Qamsaxurdiyanın rəhbərliyi dövründə gürcü-osetin, gürcü-abxaz münaqişələrinin şiddətlənməsi və hakimiyyətin zəifliyi, eləcə də, o dövrdə gürcü millətçiləri tərəfindən Gürcüstanda yaşayan azərbaycanlılara qarşı güclü təqiblərə başlanması iki ölkə arasında münasibətlərin soyuq xarakter  daşımasına səbəb olmuşdur. Bu münasibətlərin inkişafı isə ümummilli lider Heydər Əliyevin növbəti dəfə hakimiyyətə qayışı ilə  bağlıdır. Həmçinin Gürcüstanda baş verən hakimiyyət dəyişikliyi nəticəsində  Eduard Şevardnadzenin hakimiyyətə gəlişi və  Azərbaycanda Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində sabitliyin yaradılması iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə yanaşı, həmçinin Cənubi Qafqazda da ziddiyyətlərin aradan qalxmasına təkan vermişdir. Bu gün də Azərbaycan və Gürcüstan Respublikaları tarixən mövcud olan qarşılıqlı münasibətləri yeni dünya düzəninin müstəqil subyektləri olaraq davam etdirir. Gürcüstanda Georgi Marqvelaşvilinin, Azərbaycanda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə iki ölkə arasında mehriban qonşuluq və dostluq əlaqələri strateji tərəfdaşlıq səviyyəsində irəli doğru inkişaf etdirilir.

Ləman Xəlilova
Azerbaijan Realities

2015-01-13 / 00:00
Facebook