Prezident İlham Əliyev: Enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq

 

 

Enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan ölkə kimi təqdim etməyə imkan verib: “Bizim enerji şirkətləri ilə bütün müqavilələrimiz parlament tərəfindən ratifikasiya olunur və qüvvəyə minir. Bu səbəbdən də investorlar 100 faiz əmin olurlar ki, bu müqavilələrdə bir söz belə dəyişdirilməyəcək. Bu, etimad yaradır. Bu, həmçinin bizə digər sektorlara milyardlarla investisiya cəlb etməyə imkan verib”.

İlham Əliyev qeyd edib ki, Azərbaycana yatırılmış investisiyaların ümumi həcmi 250 milyard dollara yaxındır: “Bunun yarısı xarici investisiyalardır. Bu, bizə iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verib. Dünya Bankının sonuncu “Doing Business” hesabatına əsasən Azərbaycan 25-ci yerdədir. Beləliklə, biz möhtəşəm uğur qazanmışıq və biznes mühiti nöqteyi-nəzərindən 10 ən islahatçı ölkədən biriyik.

Enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində biz infrastruktura, sosial infrastruktura böyük həcmdə investisiya yatırmağa, əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq. Ona görə də bu layihə bizim üçün, əminəm ki, hamımız üçün olduqca mühüm əhəmiyyət kəsb edir”.

2019-02-20 / 16:26
Facebook