Ombudsmanın nümayəndəsi inklüziv təhsilə həsr olunmuş tədbirdə iştirak edib

 

 

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının dəstəyi ilə icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində “Azərbaycanda inklüziv təhsil siyasətinin təhlili” mövzusunda Məşvərət görüşü keçirilib.

Verilən məlumata görə, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatları nümayəndələrinin, xarici ekspertlərin qatıldığı həmin tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov iştirak edib.

Tədbirdə inklüziv təhsil sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə beynəlxalq ekspert tərəfindən hazırlanmış metodologiyanın təqdimatı keçirilib.

Ombudsmanın nümayəndəsi çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüquqlar sırasında təhsil hüququnun mühüm yerlərdən birini tutduğunu bildirib. O, son zamanlar əlilliyi olan şəxslərin təhsil hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, heç bir ayrı-seçkiliyə yol verilmədən təmin edilməsi ilə bağlı həyata keçirilən hüquqi islahatlar, bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayan müvəkkil Elmira Süleymanovanın bu sahədə gördüyü işlər barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, BMT Baş Məclisi tərəfindən 2006-cı il 13 dekabr tarixdə qəbul edilmiş Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının 24-cü maddəsinə əsasən, iştirakçı dövlətlər əlilliyi olan şəxslərin təhsil hüququnu tanıyırlar. Ayrı-seçkiliyə yol vermədən bu hüququn həyata keçirilməsi üçün iştirakçı dövlətlər bütün pillələrdə inklüziv təhsil sistemini və həmin qəbildən olan şəxslərin fasiləsiz təhsil almaq imkanını, bundan əlavə iştirakçı dövlətlər əlilliyi olan şəxslərin əlillik əlamətinə görə təhsildən kənarlaşdırılmamasını, onların digər insanlarla eyni əsaslarla inklüziv, keyfiyyətli və pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etməlidirlər.

Qeyd olunub ki təhsil hüququnun təmini vəziyyətinin digər hüquqların reallaşmasına da təsir göstərir. Belə ki, əlilliyi olan şəxslərin təhsildən kənarda qalması onların informasiya əldə etmək, müraciət etmək, dövlətin idarə olunmasında iştirak etmək kimi hüquqlarının məhdudlaşmasına gətirib çıxarır.

Ombudsmanın nümayəndəsi bu qəbildən olan şəxslərin reabilitasiyası, inklüziv təhsil imkanlarının artırılması, onların məşğulluğunun təmini məqsədilə müyəssər iş yerlərinin yaradılması və cəmiyyətə inteqrasiyası sahəsində mövcud olan maneələr və onların həlli yolları barədə fikirlərini konfrans iştirakçıları ilə bölüşüb. O, çıxışında ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın bu qəbildən olan şəxslərin təhsil hüququnun bütün pillələr üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edilməsinə və onlar üçün maneəsiz mühit yaradılmasına müsbət təsir göstərəcəyini vurğulayıb.

Əlilliyi olan şəxslər üçün müxtəlif profilli sosial xidmət müəssisələrinin və reabilitasiya mərkəzlərinin, inklüziv komponentli təhsil ocaqlarının yaradılması, inkluziv təhsilinin təşkili üçün kifayət həcmdə maliyyə və insan resurslarının ayrılması, sağlamlıq imkanları məhdud uşaqların hələ kiçik yaşlarından inklüziv təhsilə hazırlanması, onlarla məşğul olan ixtisaslaşdırılmış mütəxəssislərin - psixoloqların, korreksiaedici pedaqoqların, surdopedaqoqların, oliqofrenpedaqoqların, tiflopedaqoqların, loqopedlərin, habelə psixiatrların, nevroloqların, otorinolarinqoloqların, surdoloqların, audioloqların, peşəkar müəllim-tərbiyəçilərin, sosial işçilərin hazırlanmasını, onların peşəkarlıqlarının artırılması üzrə tədbirlərin görülməsinin Müvəkkil tərəfindən təklif edildiyi bildirilib.

Tədbir interaktiv müzakirələrlə başa çatıb.

2019-02-20 / 14:44
Facebook