Sahil Babayevdən pensiya artımı ilə bağlı açıqlama

 

 

Martın 1-dən Azərbaycanda əmək pensiyalarının minimum məbləği 160 manat təşkil edəcək.

Bizimyol.info Oxu.Az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ildə pensiyaların minimum məbləğinin artırılması ilə bağlı tədbirlərin görülməsi və pensiyaların indeksləşdirilməsinə əlavə olaraq 139 mln. manat yönəldəcək.

Nazir Sahil Babayevin sözlərinə görə, əmək pensiyasının minimum məbləğinin 116 manatdan 160 manatadək artırılması haqqında Azərbaycan prezidentinin sərəncamının yerinə yetirilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondu bu il əlavə 49 mln. manat, pensiyaların indeksasiyası üzrə tədbirlərin həyata keçirilməsinə isə 90 mln. manat ayıracaq.

Nazir bildirib ki, minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edəcək.

“Əmək pensiyasının minimum məbləği martın 1-dən 38% artırılaraq 116 manatdan 160 manata çatdırılacaq. Minimum pensiya məbləğinin artırılması 233 min pensiyaçını əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93% (75 manat), 26 min nəfərin pensiyasında 30% (37 manat), 74 min nəfərin pensiyasında 16% (27 manat) artım olacaq”, – deyə S.Babayev qeyd edib.

O deyib ki, bu, Azərbaycana MDB ölkələri arasında minimum pensiya məbləğinə görə Qazaxıstanla ilk iki yeri bölüşdürməyə imkan verəcək.

“Dünən Milli Məclisin komitəsində pensiyanın minimum məbləğinin artırılmasına dair prezidentin təklifinə baxılıb. Biz parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında bu qanun layihəsinin təsdiq ediləcəyini gözləyirik” – deyə, S.Babayev qeyd edib.

2019-02-19 / 11:57
Facebook