• flag
  • Bakı Aeroportu sərnişin dövriyyəsi üzrə yeni rekord müəyyənləşdirib

     

     

    Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsinin həcminə görə yeni rekord müəyyənləşdirib - ötən il ərzində hava limanı ümumilikdə 4,43 milyon sərnişinə xidmət göstərib. Bu, 2017-ci ilin göstəricisindən 9 faiz çoxdur.

    2018-ci il ərzində aeroportun baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 1,89 milyon və 442 min sərnişin daşıyıb. Beynəlxalq reyslərlə ümumilikdə 3,81 milyon sərnişin, regional reyslərlə isə 620 min sərnişin daşınıb.

    Beynəlxalq reyslərin ümumi sayının 33,4 faizi AZAL-ın, 11,6 faizi “Buta Airways”in, 55 faizi isə xarici aviaşirkətlərin payına düşüb.  

    2018-ci ildə beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı, “Turkish Airlines”, “FlyDubai”, “Aeroflot”,  “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Air Arabia”, “S7 Airlines”, “Qatar Airways”, “Utair”, “Lufthansa” və “SCAT” daxil olmuşdur. Onlar ümumilikdə 1,15 milyon sərnişinə xidmət göstərib.

    2018-ci ildə İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran, Bağdad, Tbilisi, Doha və Təl-Əviv beynəlxalq istiqamətlərin ən populyar onluğuna daxil olub. Bu istiqamətlər üzrə 2,7 milyon sərnişin uçub.

    Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportuna ümumilikdə 36 xarici sərnişin aviaşirkəti müntəzəm uçuşlar həyata keçirib. Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

    2017-ci və 2018-ci illərdə hava limanı həmçinin ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq etmiş, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülüb.

    2019-01-11 / 11:44
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7
    EUR 1.935