• flag
  • “Azərbaycan “Polonez”dən bir yaylım atəşi açmaqla bizim S-300 raketlərini məhv edər...”

     

     

    Azərbaycanla Ermənistan arasında balans həm hərbi, həm siyasi planda əlçatmaz həddə qədər pozulub. Bu, Ermənistanın Qarabağdakı vəziyyətinə olduqca mənfi təsir edəcək.

    Belə qənaətlə  erməni hərbi ekspert Van Ambarsumyan çıxış edib.

    Ekspert diqqəti buna cəlb edib ki, Ermənistanın yeni rəhbərliyinin siyasəti ucbatından KTMT baş katibi vəzifəsinə Belarus nümayəndəsi Stanislav Zasın təyin edilməsi təhlükəsi yaranıb. Onun namizədliyi prezident Aleksandr Lukaşenko tərəfindən dəstəklənib. General Zas azərbaycanpərəst mövqeyi ilə tanınır.

    “Xatırladıram ki, o Bakıda Ali Hərbi Məktəbi bitirib. Azərbaycanın prezidenti, müdafiə naziri və Silahlı Qüvvələrin Baş qərargah rəisi ilə çox sıx və dostluq əlaqələrinə malikdir. O, hətta Azərbaycana Belarus silahlarının, o cümlədən “Polonez” raket sistemlərinin təchizatının təşəbbüskarlarından və vasitəçilərindən biridir”-Ambarsumyan bildirib.

     

    Erməni hərbi ekspertin dəyərləndirmələrinə görə bu silah təchizatı ilə Azərbaycanla Ermənistan arasında qüvvələr balansı əlçatmaz səviyyədə pozulub. Çünki dünyada “Polonez”lərin analoqu demək olar ki, mövcud deyil.

    Ambarsumyan qeyd edib ki, həmin raket sistemləri praktiki olaraq ən yeni HHM sistemləri üçün əlçatmazdır, hətta bu sistemlərin özünə ciddi təhdid yaradır.

    “Çünki Azərbaycan “Polonez”dən bir yaylım atəşi açmaqla eyni zamanda 8 taktiki və strateji hədəfi, o cümlədən Ermənistanın silahlanmasında yer alan S-300/S-300PM və S-300B/S-300PS rus zenit-raket komplekslərini məhv edə bilər. Hava Hücumundan Müdafiə sistemləri üçün bizim silahlanmamızda yer alan “İsgəndər-E” operativ-taktiki raket kompleksinə qarşı müqavimət göstərmək daha sadədir, nəinki “Polonez”ə qarşı”-Van Ambarsumyan bildirib.

    Erməni ekspert əlavə edib ki, Azərbaycan artıq “İsgəndər”-lərə cavab olaraq İsraildən müasir “LORA” operativ-taktiki raketlərini alıb. Həmin raketlərin hədəfi vurma məsafəsi 400 kilometrə qədərdir.

    Bəs ümumiyyətlə erməni tərəfinin Azərbaycan qarşısında hansısa üstünlüyü varmı? Ambarsumyan bu suala cavab verməkdə çətinlik çəkib. Onu bildirib ki, erməni tərəfində yaxşı hazırlıq keçmiş kadr və zabit heyəti var idi. Amma KTMT baş katibi Yuri Xaçaturovla bağlı qalmaqal bu kadr və zabit heyətinin nüfuzuna zərbə vurdu.

    Ambarsumyana görə Qarabağdakı erməni hərbi birləşmələrinin şəxsi heyətinin “yüksək döyüş ruhu” var, amma bu texniki və say üstünlüyünə malik olan düşmənə qarşı yetərli deyil. “Bizim texnika dərin modernizasiyaya ehtiyac duyur. Məsələn, tanklarımız gecə vaxtı işə yaramır. Onlar düşmən tankları və hətta müasir tank əleyhinə raket kompleksləri üçün asan hədəfə çevrilirlər”-erməni hərbi ekspert belə deyib.

    2018-12-18 / 16:05
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7
    EUR 1.935