Berdiməhəmmədov: Xalqlarımızın qədim mənəvi ənənələri olub

 

 

Türkmənistan və Azərbaycan xalqlarının qədim, zəngin mənəvi ənənələri olub. Yəni biz həmişə, bütün dövrlərdə çox böyük potensiala və imkanlara malik olmuşuq. Sevindirici haldır ki, həm Türkmənistan, həm də Azərbaycan müasir mərhələdə həmin potensialdan istifadə edir.

Bunu Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov noyabrın 22-də Aşqabadda Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşdə deyib. 

O qeyd edib ki, bu, özünü siyasi arenada, iqtisadi məsələlərdə, bir sıra başqa sahələrdə göstərir:

“Bu baxımdan, bizim güclü ehtiyatımız var. Biz bu ehtiyatdan həm xalqlarımızın rifahı naminə, həm də regional və beynəlxalq səviyyədə istifadə edə bilərik. Ən başlıcası odur ki, biz bütün bunlardan istifadə edirik. Biz Birləşmiş Millətlər Təşkilatı kimi çox nüfuzlu beynəlxalq qurumların üzvləriyik.

Vurğulamaq istərdim ki, bu gün Türkmənistan və Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədlərini həyata keçirir. Bizdə təkcə regionda deyil, bütün dünyada sabitlik və təhlükəsizlik kimi məsələlərə ortaq münasibət var. Onu demək istərdim ki, biz öz imkanlarımızı nəzərə alaraq regional və beynəlxalq səviyyədə iqtisadiyyat və iqtisadi inteqrasiya sahələrində əməkdaşlıq potensialından istifadə edə bilərik. Buna görə biz, əlbəttə ki, Sizin səfərinizə çox böyük əhəmiyyət veririk.

Artıq qeyd etdiyim kimi, bizim çox yaxşı imkanlarımız var. Bizim köklərimiz, tariximiz, mentalitetimiz, milli xüsusiyyətlərimiz ortaqdır. Biz çox haqlı olaraq vətənpərvərlik göstərir, bu dəyərlərin böyüməkdə olan nəslə ötürülməsi işinə incəsənət xadimlərini, yaradıcı ziyalıları cəlb edirik.

Gördüyünüz kimi, bu gün təkcə Sizinlə bizim aramızda, iki dövlət arasında deyil, həm də region və dünya miqyasında çox iş görülür. Buna görə fürsətdən istifadə edib Sizə təşəkkürümü bildirmək istərdim, ilk növbədə ona görə ki, Siz Türkmənistan ilə Azərbaycan arasında dostluq tellərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyir, qardaş Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm. Bu gün Sizi burada görməyə bir daha şadıq. Xoş gəlmisiniz”.

2018-11-22 / 17:52
Facebook