Dövlət əhəmiyyətli dəmir yolu xəttini sökənlər DTX tərəfindən saxlanılıb

 

 

Azərbaycan Respublikasında nəqliyyat infrastrukturunun dinamik inkişafı, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatına artan tələbatına uyğun olaraq, bu istiqamətdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsindən bildiriblər ki, oktyabrın 30-da səhər saatlarında dövlət əhəmiyyətli Bakı-Ələt-Horadiz dəmir yolunun Ələt-Horadiz xətti hissəsinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Yol Xidmətinin Saatlı yol sahəsinin xidmət etdiyi 28-29-cu kilometrliyində dəmir yolu xətti relslərinin birləşdiricilərinin, rels altlıqlarının və digər metal hissələrin 400 metrlik məsafədə söküldüyü barədə məlumat daxil olub.

Faktla bağlı DTX-də dərhal başlanılmış cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İstintaq zamanı cinayət əməllərinin Azərbaycan Respublikasının vətəndaşları Əhmədov Novruz Əsəd oğlu və Orucov Ruslan Nodar oğlu tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlum olub ki, oktyabrın 29-da Ruslan Orucov və Novruz Əhmədov sonuncunun idarə etdiyi avtomobillə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Yol Xidmətinin Saatlı yol sahəsinin xidmət etdiyi Xıdırlı-Qaragünə mənzilinin 28-29-cu kilometrliyinə gəliblər. Onlar törətdikləri əməllərin həmin xətt üzrə sərnişin və digər qatarların hərəkətinə aşkar təhlükə yaradacağını bilə-bilə əvvəlcədən özləri ilə götürdükləri alət və vasitələrdən istifadə etməklə oktyabrın 29-da saat 21-dən oktyabrın 30-da saat 4-dək olan müddətdə dəmir yolu xəttində qatarların hərəkət təhlükəsizliyini təmin edən 99 ədəd D-65 metal altlıq, 400 ədəd bərkidici, o cümlədən Ələt və əks-istiqamətdə dəmir yolu relslərini bir-birinə bağlayan 6 ədəd R-65 yanlıqları və sair metal hissələri söküb hadisə yerindən qaçıblar.

Araşdırmalar zamanı, o cümlədən təqsirləndirilən şəxslərin ifadələri yerində yoxlanılarkən cinayəti törədərkən istifadə etdikləri alət, vasitə və digər maddi sübutlar hadisə yerindən aşkarlanaraq götürülüb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

2018-11-08 / 15:54
Facebook