• flag
  • Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə İşçi qrup yaradılıb

     

     

    Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir ki, Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə İşçi qrup yaradılır:

    İşçi qrupun rəhbəri

    Valeh Ələsgərov - Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini

    İşçi qrupun üzvləri

    Samir Nuriyev - Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri
    Kərəm Həsənov - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
    Əli Abdullayev - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
    Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini
    Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
    Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
    Süleyman Mikayılov - Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı
    Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
    Qorxmaz Hüseynov - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri
    Balababa Rzayev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
    Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
    Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru
    Vüqar Əhmədov - “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini
    Əkbər Hacıyev - “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru.

    Sərəncamla yaradılmış İşçi qrup müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə on ay müddətində aşağıdakıları hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək:

    - Azad zonanın təkmilləşdirilmiş mərhələli inkişaf konsepsiyasını və onun həyata keçirilməsinin ətraflı planını;

    - Azad zonanın ərazi sərhədləri, həmin sərhədlər daxilində ilkin mərhələdə inkişaf etdirilməli olan və perspektiv inkişaf üçün nəzərdə tutulan ərazi hissələrinin hüdudları, Azad zona ərazisinin zonalaşdırılması (yaşayış, ictimai-işgüzar, rekreasiya, istehsalat, nəqliyyat infrastrukturu, mühəndis infrastrukturu, ehtiyat və digər zəruri zonalar) barədə təkliflərini;

    - Azad zonanın təklif edilən ərazisində torpaq sahələri mülkiyyətçilərinin və istifadəçilərinin siyahısını;

    - Azad zonanın ilkin mərhələdə inkişaf etdirilməli olan ərazi hissəsinə münasibətdə:

    beynəlxalq təcrübə nəzərə alınmaqla, Azad Zonanın ərazisini və həmin ərazidə yaradılması nəzərdə tutulan infrastrukturu, habelə yerləşdiriləcək digər obyektləri özündə əks etdirən ərazi planlaşdırılması layihəsini; bu sərəncamda göstərilən inkişaf konsepsiyasının həyata keçirilməsi üçün görüləcək işlərin xərcləri proqnozunu;

    - Azad zonanın perspektiv inkişafı üçün nəzərdə tutulan ərazi hissəsinə münasibətdə:

    mühəndis-axtarış işlərinin nəticələrini, o cümlədən mühəndis-geoloji axtarışların nəticələrini əks etdirən materialları; ətraf mühitin mövcud vəziyyəti barədə məlumatları; əsas mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərin, digər xidmətlərin təmin edilməsi planını və bunun üçün tələb olunan xərclər proqnozunu.

    İşçi qrup bu sərəncamda qeyd olunan işlərlə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi üçün sifarişçiləri müəyyən edəcək.

    Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən tədbirlərin maliyyələşməsini təmin etsin.

    Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə hazırkı Sərəncamda göstərilən tapşırıqların yerinə yetirilməsi üçün İşçi qrupa tələb olunduğu halda kömək etmək tapşırılır.

    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

    2018-09-18 / 10:55
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7000
    EUR 1.9349