• flag
  • Azərbaycanın Baş naziri İsrailin müdafiə naziri ilə görüşüb

     

    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov sentyabrın 14-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, görüşdə Novruz Məmmədov İsrailin müdafiə nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib. “Bu gün Azərbaycan-İsrail münasibətləri yüksək səviyyədədir. Ölkələrimiz müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı illərdə biz iki ölkə arasında yaxşı əlaqələr qura bilmişik”, - deyə Baş nazir vurğulayıb.

    Azərbaycan-İsrail münasibətlərinin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin önəmli olduğunu qeyd edən Novruz Məmmədov bildirib ki, bu əlaqələrin inkişafında hər iki ölkə maraqlıdır. Ölkələrimiz arasında münasibətlərin inkişafı regional və beynəlxalq təhlükəsizlik baxımından da önəmlidir.

    Azərbaycanın tolerantlıq ənənələrindən danışan Baş nazir Novruz Məmmədov qeyd edib ki, ölkəmizdə müxtəlif xalqların, dinlərin nümayəndələri dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayırlar.

    Azərbaycana hər səfəri zamanı böyük məmnunluq hissi keçirdiyini vurğulayan İsrailin müdafiə naziri Aviqdor Liberman ölkəmizdə özünü doğma evindəki kimi hiss etdiyini qeyd edib.

    Ölkələrimiz arasında uzun illərdir mehriban və möhkəm əlaqələrin mövcud olduğunu qeyd edən müdafiə naziri bildirib ki, bu münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin xüsusi rolu olub. Hazırda hər iki ölkə rəhbərlərinin səyləri nəticəsində bu əlaqələr inkişaf edir.

    Görüşdə hərbi sahə ilə yanaşı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

     

    2018-09-14 / 17:27
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7000
    EUR 1.9996