• flag
  • İsrailli ekspert Arye Qut ABŞ mətbuatında dərc olunmuş məqaləni tənqid edib

     

     

    Bu günlərdə ABŞ-da çıxan ermənipərəst “Asbares” qəzetində yəhudilərə və İsrailə qarşı düşmənçilik ruhunda yazılmış “Erməni diplomat İsraildə Holokost barədə sual versə, nəticəsi nə olar?” sərlövhəli məqalə dərc olunub.

    Məqalənin müəllifi Ara Xaçaturyan yazır: “Erməni xalqının faciəsi tarixi məsələdir və bu, siyasi diskussiya probleminə çevrilməməlidir. Qoy, 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin düzgün qiymətini tarixçilər versinlər”.

    Ötən həftə İsrail xarici işlər nazirinin müavini (əslində İsrail XİN-in Avrasiya departamentinin rəhbərinin müavini) Aleksandr Ben-Tsvi bu sözləri belə adlandırılan “Erməni soyqırımı” memorialına gedəndən sonra söyləyib.

    Verilən məlumata görə, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Amerikanın ermənipərəst mətbuatında antiisrail ruhlu növbəti məqalə” adlı materialında bu barədə yazır.

    Xaçaturyan sözünə davam edərək yazır: “Bu sözləri oxuyanda mən fikirləşdim ki, əgər Ermənistan xarici işlər nazirinin müavinlərindən biri Yerusəlimdəki Yad Vaşem – Ümumdünya Holokost qurbanlarının xatirə mərkəzinə gedəndən sonra yəhudilərin nasist Almaniyası tərəfindən sistematik şəkildə məhv edilməsinin qurbanlarının xatirəsinə ehtiramını bildirəndən sonra “Holokost” sözünü işlətməkdən imtina etməyə başlasa, nə baş verər?”

    Məqalə müəllifi qeyd edir ki, erməni KİV-lərində bu cür antiisrail ruhlu bəyanatlar çox geniş yayılıb. Arye Qut yazır: “İsrail 1915-ci il hadisələrini rəsmən soyqırımı kimi tanımır. Bu fakt praktiki olaraq daim Ermənistanda və erməni KİV-lərində ciddi antiisrail və antisemit isteriyasına səbəb olur. Ermənilər yəhudiləri və israilliləri çox günahlar törətməkdə ittiham edirlər. Belə “günahlardan” biri də “təbii yəhudi xudbinliyi”nin təzahürü və israillilərin “soyqırımı” konsepsiyasının özünü inhisarlaşdırmaq cəhdidir. Ermənistana xatırlatmaq istərdik ki, “soyqırımı” termininin özü 1915-ci il hadisələrindən xeyli sonra yaranıb və ona heç bir aidiyyəti yoxdur”.

    Qut vurğulayır ki, məqalə müəllifinin fikrincə, qondarma “erməni soyqırımı”nın tanınması İsrail ilə Ermənistan arasında münasibətləri möhkəmlədəcək. İsrailli ekspert soruşur: “Buna necə sakit yanaşmaq olar? Onlar bizə şərt qoyurlar ki, əgər İsrail “erməni soyqırımı”nı tanısa, Ermənistan onunla əməkdaşlıq edəcək. İsrail Knessetinin bu məsələni araşdırmasına lüzum yoxdur, çünki bu, sırf tarixi, daha dəqiq desək, elmi və mübahisəli məsələdir. Bu məsələdə aydın olmayan və ziddiyyətli məqamlar çoxdur. Burada yalan məlumatlar və saxtalaşdırmalar çoxdur. Qoy, Türkiyənin həmişə təklif etdiyi kimi, hər iki dövlət arxivləri açsın, alimlər əyləşib sənədlər və faktlar əsasında bu hadisələr barədə həqiqəti sübut etsinlər və dünyaya göstərsinlər. Məni həmişə heyrətləndirir: Əgər Ermənistan haqlıdırsa, o, nə üçün arxivlərin açılmasını istəmir, daha dəqiq desək, onları açmağa nə üçün qorxur?!”

    Arye Qut “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində sual edir: “Qoy, kimsə desin, biz qondarma “erməni soyqırımı”nı nəyin naminə tanımalıyıq – təkcə ondan ötrü ki, Ermənistan və ermənilər bizdən razı qalsınlar? Bu bizə lazım deyil. Ya da desinlər, yəhudi xalqının erməni xalqı qarşısında mənəvi öhdəliyi varmı?”

    İsrailli ekspert vurğulayıb: “Mən soruşuram, hansı mənəvi məsuliyyətdən söhbət gedir?! Ermənistanın sabiq prezidenti Serj Sarkisyan iki il bundan əvvəl faşist və antisemit Qaregin Njdenin abidəsini rəsmən açdı. Dəhşətli Holokost cinayətlərində əli olmuş insanları milli qəhrəmanlara çevirəndə biz susmamalıyıq. Deyin, Yerevanda faşistə və antisemitə abidələr ucaldılmasına bizim münasibətimiz necə olmalıdır? Bu ölkə bəşəriyyət əleyhinə cinayətlər törətməkdə ittiham olunmuş faşist canini özünün qəhrəmanı adlandıra bilərmi? Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıq və Holokost qurbanlarının xatirəsinə təhqirdir. Bundan sonra da bizdən xahiş edirlər ki, 1915-ci il faciəsini soyqırımı adlandıraq?!”

    Məqalə müəllifi vurğulayır ki, müasir Almaniya öz gənclərini nasist Almaniyanın törətdiyi dəhşətlər barədə dönə-dönə xəbərdar edir. Bu dövlətdən fərqli olaraq erməni faşistlər Dro və Njdenin ətrafında şəxsiyyətə pərəstiş yaradılması bütövlükdə müasir erməni cəmiyyətinin böyük nöqsanıdır. Arye Qut yazır: onların şərəfinə sikkələr zərb edilir, onlara abidələr ucaldılır, onların həyat və fəaliyyəti barədə filmlər çəkilir – guya onlar həqiqətən xalq qəhrəmanlarıdır. İkinci Dünya müharibəsi dövründə nasist Vermaxtın 20 minlik erməni legionunun törətdiyi qəddar əməlləri tarix heç vaxt unutmayacaq. Erməni faşist komandiri general Dronun rəhbərlik etdiyi ermənilər minlərlə yəhudiyə qarşı ölüm marşlarında və onların məhv olunmasında iştirak ediblər. Yəhudi xalqı İkinci Dünya müharibəsi dövründə nasist Vermaxtın 20 minlik erməni legionunun törətdiyi qəddar əməlləri heç vaxt unutmayacaq”.

    Xaçaturyan özünün antiisrail ruhlu məqaləsində daha sonra yazır: “Mən Ermənistan XİN başçısının müavini Mnatsakanyan İsrail ilə diplomatik qalmaqala başlamasını təklif etmirəm, lakin o və digər vəzifəli şəxslər bu şəraitdə Ermənistanın fələstinlilərə silah verməsi və Holokosta hörmətsizlik göstərməsi imkanını nəzərdən keçirməlidirlər”.

    Arye Qut yazır: “Ermənilərin İsrail dövlətinin ünvanına şantajı və İran İslam Respublikası kimi Ermənistanın da fələstinli terrorçulara silah göndərməsi İsrail Dövlətinin vətəndaşı kimi məni qorxutmur, amma hiddətləndirir. Məlumdur ki, Ermənistan terrorçuluq və separatizm siyasətini dövlət səviyyəsində yürüdür. 26 ildən çoxdur ki, 5000-ə yaxın azərbaycanlı girov Ermənistanda əsirlikdədir, onlar hər gün dəhşətli işgəncələrə, ağlasığmaz təhqirlərə və alçaldılmağa məruz qalırlar. Həmin əsirlər arasında dağ yəhudiləri də var və onların qohumları tərəfindən Ermənistanın keçmiş prezidentinə müraciət edilməsinə baxmayaraq ermənilər həmin yəhudiləri hələ də əsir saxlayır, amansız işgəncələrə məruz qoyurlar”.

    Ekspert vurğulayır ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və bu bölgəyə heç bir aidiyyəti olmayan 7 ətraf rayonu işğal edib. Ermənistan bu ərazilərə iddia edir. Arye Qut yazır: “Yeri gəlmişkən, Yaxın Şərqdən olan muzdlu silahlılar da bu işğalda Ermənistanı dəstəkləyiblər. Erməni işğalı və etnik təmizləmələr ucbatından Azərbaycan 1 milyon qaçqını qəbul etmək məcburiyyətində qalıb. Münaqişə özü və Azərbaycan ərazilərinin işğal edilməsi bütün Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə təhdid mənbəyi kimi qalır.

    Qeyd etmək lazımdır ki, İsrailin Azərbaycanla bir sıra amillərə, o cümlədən insan amilinə əsaslanan çox səmimi münasibətləri var. Avrasiyada və bütün müsəlman aləmində heç bir ölkə İsrail ilə Azərbaycan qədər sıx əlaqə saxlamır. İki ölkə arasında diplomatik münasibətlərin 26 illik tarixi ərzində bu münasibətlərin strateji əhəmiyyətini və həyat qabiliyyətini nümayiş etdirən pozitiv hadisələr çox olub. Bu ölkələr yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan dünyəvi dövlət arasında bu cür münasibətlərin zəruriliyini və strateji əhəmiyyətini sübut ediblər. Bizim dost dövlətlərimiz həqiqi və sabit strateji tərəfdaşlar kimi hərəkət edirlər. Azərbaycanlılar və yəhudilər əslində nəinki dinc yanaşı yaşamağı, həm də həqiqi dostlar olmağı, öz münasibətlərini inkişaf etdirməyi və möhkəmlətməyi bacarırlar”.

    Ekspert vurğulayır ki, Azərbaycanda yəhudilərə heç vaxt əcnəbilər kimi baxmayıblar, yəhudi xalqı burada heç vaxt sıxıntı, təhqir, talan və antisemit xarakterli hərəkətlərlə üzləşməyib, əksinə, özünü evində olduğu kimi hiss edib.

    Arye Qur İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “Haçansa Azərbaycanda olmuş hər bir israilli təsdiq edə bilər ki, burada yaşayan yəhudilər hər hansı polis kordonundan keçmədən, rahatca sinaqoqa gedə bilər, əynində milli yəhudi geyimi, başında yəhudi papağı olduğu halda şəhərdə sakitcə gəzə bilər, halbuki hətta Qərbin inkişaf etmiş bəzi ölkələrində bu cür hərəkətlər həyat üçün təhlükəli ola bilər.

    İsrail Dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində nizamlamağa çağırır. Mənim fikrimcə, İsrail Cənubi Qafqazın lideri olan Azərbaycan ilə dostluğu və strateji münasibətləri daha da inkişaf etdirməli və möhkəmlətməli, hər hansı qüvvələrin bu qarşılıqlı münasibətlərə ziyan vurmasına imkan verməməlidir”.

    2018-09-05 / 18:28
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7000
    EUR 1.9996