Qarabağlar Türbə Kompleksi bərpa olunub

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən  bildirilib ki, iyulun 5-də Qarabağlar Türbə Kompleksi bərpadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ali Məclisin Sədri çıxış edərək deyib: Hər bir xalqın mədəniyyətinin inkişafı onun dövlətçilik tarixi ilə bağlıdır. O xalq zəngin mədəniyyətə sahibdir ki, onun böyük dövlətçilik tarixi vardır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər. Çünki abidələrin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.

Ali Məclisin Sədri deyib: Muxtar respublika ərazisindəki tarixi abidələr - qalalar, saraylar və türbələr dövlətçilik tariximizlə birbaşa bağlıdır. On ikinci əsrdə Azərbaycan Atabəylər dövləti paytaxt şəhər kimi Naxçıvanda mədəniyyətin, xüsusilə Əcəmi Naxçıvani sənətinin inkişafına təkan vermiş, dünya əhəmiyyətli abidələr yaradılmışdır. Açılışına toplaşdığımız Qarabağlar Türbə Kompleksi də Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, görkəmli memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olmaqla bugünkü və gələcək nəsillərə təqdim etdiyimiz dövlətçilik irsimiz və mədəni sərvətimizdir. Abidələr o vaxt tarixin predmetinə çevrilirlər ki, onlar bərpa və tədqiq olunsunlar. Bu gün biz abidələri təkcə mədəni irsimiz kimi yox, həm də dövlətçilik tariximizin bir hissəsi kimi öyrənməliyik. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Mədəniyyət Nazirliyi ilə birlikdə Qarabağlar Türbə Kompleksində tədqiqat işlərini daha da genişləndirməli, tarixi materiallar toplanmalı, yeni elmi yanaşmalar ortaya qoyulmalı, bura eksponatlarla daha da zənginləşdirilməlidir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu “Qarabağlar Türbə Kompleksi” kitabının nəşrini başa çatdırmalı, abidənin tanıdılması istiqamətində tədbirlər görülməli, maarifləndirmə işi aparılmalıdır. Memarlıq sənəti o zaman inkişaf edir və zənginləşir ki, tarixiliklə müasirlik vəhdətdə götürülsün, ənənə yaşadılsın. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Memarlar Birliyi də qədim memarlıq ənənələrini yaşatmalı, tikinti-quruculuq işlərində tarixiliklə müasirliyi əlaqələndirməlidir. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti Qarabağlar Türbə Kompleksinə turist marşrutlarının açılmasını təmin etməli, abidəyə təhsil müəssisələrinin ekskursiyaları təşkil olunmalı, internet saytlarında və sosial şəbəkələrdə məlumatlandırma işi aparılmalıdır.

Ali Məclisin Sədri Qarabağlar Türbə Kompleksinin bərpasında əməyi olanlara təşəkkürünü bildirib, abidənin açılışı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi abidələrin bərpası və tədqiqi sahəsində verdiyi tapşırıqlar mədəni irsimizin qorunub saxlanması və təbliğinə geniş imkanlar açıb. Son 22 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilib, 1200-dən çox dünya, respublika və yerli əhəmiyyətli abidə pasportlaşdırılaraq qeydiyyata alınıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamı da xalqımızın çoxəsrlik tarixi-mədəni irsinə diqqət və qayğının növbəti ifadəsidir.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən abadlıq və quruculuq işləri sırasında tariximizə, mədəniyyətimizə, tarix-mədəniyyət abidələrinə diqqət və qayğı ön plandadır. Zaman keçdikcə təbii qüvvələrin təsirindən böyük dağıntılara və aşınmalara məruz qalmış tarixi abidələr əsaslı şəkildə bərpa olunaraq xalqımıza qaytarılıb. Onlardan biri də Qarabağlar Türbə Kompleksidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən yaradılan “Qarabağlar Türbə Kompleksi” tədqiqat qrupu türbə kompleksinin tarixi ilə əlaqədar yeni faktlar aşkara çıxarıb. Tədqiqat qrupu Qarabağlar Türbə Kompleksinin tarixi, kitabələri, memarlıq xüsusiyyətləri, etnoqrafiyası, “Qarabağlar” sözünün mənşəyi və etimologiyası, türbə və onun ətrafındakı epiqrafik, arxeoloji və tarix-memarlıq abidələri, keramikası haqqında məlumatlar toplayıb, onlar əsasında türbə kompleksi və ətraf ərazilərlə əlaqədar yeni elmi nəticələr əldə olunub. İsmayıl Hacıyev tariximizin hərtərəfli araşdırılmasına və zənginləşdirilməsinə, ərazidəki tarix və mədəniyyət abidələrinin bərpası, tədqiqi və təbliğinə göstərdiyi yüksək diqqət və qayğıya görə muxtar respublikamızın ziyalıları və elm adamları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib, Naxçıvan tarixinin tədqiqi, təbliği və hərtərəfli öyrənilməsi sahəsindəki fəaliyyəti bundan sonra daha da gücləndirəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tarixi abidələrin bərpası üzrə mütəxəssisi Arif Əzizov deyib: Muxtar respublikada tarixi abidələrin bərpası, tədqiqi və qorunması istiqamətində həyata keçirilən tədbirlər çox böyük əhəmiyyətə malikdir. Bir bərpaçı kimi qeyd etməyi özümə borc bilirəm ki, Naxçıvandakı abidələrin bərpasına heç vaxt bugünkü kimi qayğı göstərilməyib. Mən sovet dövründə də tarixi abidələrin bərpası sahəsində işləmişəm. Aydın məsələdir ki, o zaman tariximizə, abidələrimizə münasibət heç də ürəkaçan deyildi. Müstəqilliyin ilk illərində də abidələrimiz məhv olmaq təhlükəsi qarşısında idi. Lakin Ulu Öndərimiz yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə bu sahədə ardıcıl tədbirlər görülüb. Bu gün Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin bərpasına xüsusi diqqət yetirilir. Naxçıvan tarixi yalnız kitablara yazılmır, həm də tədqiq olunur, bərpa edilir, öyrənilir. Ali Məclis Sədri tərəfindən bu sahədə görülən işlər böyük vətənpərvərlik, xalqının tarixinə sahiblik və cavabdehlik nümunəsidir. Qarabağlar Türbə Kompleksi Ali Məclis Sədrinin tapşırıq və tövsiyələri əsas götürülərək bərpa edilib. Muxtar respublika rəhbərinin bərpa zamanı bir neçə dəfə abidədə olması, verdiyi dəyərli məsləhətlər bərpaçılar üçün yeni istiqamət, yol göstərib. Əgər bu qayğı və rəhbər göstərişləri olmasaydı, biz bu çətin işlərin öhdəsindən gələ bilməzdik. Arif Əzizov tarixi abidələrimizin bərpası istiqamətində verdiyi tarixi qərarlara görə bərpaçılar adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ziyalılar adından çıxış edən şair-publisist, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov deyib: Tariximizi yaşadan hər bir abidə mədəni irsimiz, mənəviyyatımız, milli kimliyimizdir. Qədim Naxçıvanda tarixə şahidlik edən çox nadir memarlıq abidələri vardır. Bu gün Naxçıvan böyük bir quruculuq mərhələsinə gəlib çatıb. Aparılan quruculuq tədbirləri tarix-mədəniyyət abidələrimizi də əhatə edib. Əcdadlarımızın min illər boyu bu torpaqda yaratdığı abidələr yenidən bərpa olunaraq xalqımıza qaytarılır, çoxəsrlik tarixi-mədəni irsimiz gələcək nəsillərə çatdırılır. Bu gün Naxçıvan tarixiliklə müasirliyin vəhdətində inkişaf edən nurlu diyardır. Muxtar respublikanın müasir inkişafı, bərpa olunan qədim tarixi yaradıcı insanların – şairlərin, yazıçıların, jurnalistlərin, memarların, rəssamların ilham qaynağına çevrilib. Bütün bunları öz əsərlərimizdə tərənnüm və təbliğ etmək, bugünümüzün tarixini yaratmaq qarşımızda duran əsas vəzifədir.

Sonra Rövşən Hüseynov yazdığı “Qarabağlar türbəsi” şeirini oxuyub:

Bu qədim torpağın hər guşəsində,

Göylərə ucalan bir abidəm var.

Bu sənət incisi, daş kitabələr,

Keçmişdən bu günə qalıb yadigar.

Qarşımda ucalır daha bir türbə,

Elimin, obamın nəğməsidir o.

Böyük memar Əhməd Naxçıvaninin

Vətənə, xalqına töhfəsidir o.

Sinəsində neçə əsrin, illərin,

Solmayan əbədi naxışları var.

Elxani hökmdarı, Hülakü xanın

Xanımı Qudinin baxışları var.

Qarabağlar türbəsi, Qoşa minarəm,

Onların hər biri bir salnamədir.

Köksündə bərq vuran yaşıl kaşılar,

Tarixə yazılan bir kitabədir.

Bu daş poemalar mənim kimliyim,

Milli iftixarım və qürurumdur.

Bu daş poemalar mənim tarixim,

Milli varlığımdır, milli ruhumdur.

Durmuşam üz-üzə dərdləşirəm mən,

Başının üstündə küləklər əsib.

Adlayıb üstündən çox qərinələr,

Yolunu qar, boran, duman, çən kəsib.

Az qalıb itirsin möhtəşəmliyin,

Az qalıb itirsin əzəmətini.

Sonda köməyinə El OĞLU gəlib,

Özünə qaytarıb şan-şöhrətini.

İndi sevincinin yoxdur hüdudu,

Söyləyir, yenidən doğulub bu gün.

Unudub keçmişin acılarını,

Çıxarıb qəlbindən atıb büsbütün.

Qarabağlar türbəsi, Qoşa minarəm,

Bu gündən yeni bir həyat yaşayır.

Yazıb sinəsinə Vətən nəğməsin,

Dünənimdən bu günümə daşıyır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 4 iyul tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin bərpasında səmərəli fəaliyyətlərinə görə 1 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı, 2 nəfər isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.

Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib, Qarabağlar Türbə Kompleksinin bərpaçılarına hədiyyələr verib.

Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları Qarabağlar Türbə Kompleksinə baxıblar.

Məlumat verilib ki, Qarabağlar Türbə Kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Kompleksə daxil olan tikililər zaman keçdikcə dağıntıya məruz qalmışdı. Kompleksin əsasını Naxçıvan memarlıq məktəbinin incilərindən olan Qarabağlar türbəsi təşkil edir. Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası və digər əlamətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiq edir. Qülləvari xatirə tikintilərinə aid olan türbə on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağlarının dördünün də baş tərəfində Qurani-Kərimin “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılıb. Bərpa zamanı abidənin tarixi görkəmi qorunub saxlanılıb.

Kompleksin xanəgah hissəsində eksponatlar nümayiş olunur. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri qoyulub. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, eyni zamanda, toxuculuq nümunələri xalqımızın məişət mədəniyyəti haqqında dolğun təəssürat yaradır. Binadakı təndirlərin yaranma tarixi kompleksin yaranma tarixi ilə eyni vaxta düşüb, xalqımızın həmin dövr üçün əsas məşğuliyyətini, adət-ənənələrini və yaşayış tərzini özündə əks etdirir. Ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar da nümayiş olunur.

Binada iş otaqları və fond yaradılıb, 5 nəfər işlə təmin olunub, kompleks lazımi inventar və avadanlıqlarla təchiz edilib. Həmçinin abidə kompleksinə yeni yol çəkilib, ərazidə işıqlandırma sistemləri qurulub, yaşıllıqlar salınıb.

“Abidələr təkcə mədəni irsimiz deyil, həm də dövlətçilik tariximizdir. Hər bir xalq özünə etibarlı gələcək qurmaq istəyirsə, ilk növbədə, tarixini yaşatmalı, abidələrini qorumalıdır. Çünki xalqın tarixini yaşatmadan onun gələcəyini təmin etmək mümkün deyil”, - deyən Ali Məclisin Sədri Qarabağlar Türbə Kompleksinin internet saytının hazırlanması və məlumatlarla zənginləşdirilməsi, kompleksin muzeylər şəbəkəsinə daxil edilməsi, abidə haqqında elmi araşdırmaların aparılması, monoqrafiya və kitabların yazılması barədə tapşırıqlar verib.

Sonda Ali Məclisin Sədri tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkdirib.

2018-07-06 / 13:58
Facebook