Rövnəq Abdullayev: Cənub Qaz Dəhlizinin seqmentləri üzrə işlər qrafikə uyğun və aşağı xərclə reallaşıb

 

 

Cənub Qaz Dəhlizinin seqmentləri üzrə işlər qrafikə uyğun və aşağı xərclə reallaşıb.

Verilən məlumata görə, BP və SOCAR-ın yaydığı birgə məlumata görə bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“TANAP vasitəsilə kommersiya məqsədli qazın nəqli Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm tarixi hadisədir. Bu meqa layihənin mürəkkəbliyinə baxmayaraq, biz eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentlərinin əlaqələndirilməsinə və istismara verilməsinə nail olduq. Bu işləri qrafikə uyğun və əvvəl gözlədiyimizdən daha aşağı xərclə reallaşdıra bildik. “Şahdəniz-2” üçün platformalar və strukturlar SOCAR-ın törəmə şirkətləri tərəfindən tikilib və bütün tikinti işləri Azərbaycanda aparılıb ki, bu da Azərbaycan və region üçün böyük bir nailiyyətdir”, - deyə SOCAR-ın prezidenti bildirib.

Qeyd edək ki, iyunun 30-dan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” yatağından hasil olunan ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. Boru kəmərinin inşası üzrə ümumi işlərin isə 94,8 faizi icra edilib. TANAP layihəsinin dəyəri 8 milyard dollar qiymətləndirilir və mayın sonunadək bu layihəyə 5,5 milyard dollar xərclənib.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 51 faiz, “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) - 7 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

2018-07-02 / 13:01
Facebook