Azərbaycan Prezidenti Saatlıdakı kütləvi zəhərlənməni xüsusi nəzarətə götürüb

 

 

İyunun 10-da saat 19:30 radələrində Saatlı rayonunun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakinləri “Kimyəvi dərman zəhərlənməsi” diaqnozu ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müvafiq məlumat verilib.

Zəhərlənmiş şəxslərin müalicəsi dövlətimizin başçısının tapşırığına əsasən nəzarətə götürülüb, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 249.2-ci (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülüb, iş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin olunub.

Zəhərlənən 24 nəfərdən ikisinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Dörd nəfərin vəziyyəti ağır olduğundan təcili Bakı şəhərinə gətirilərək Toksikologiya Mərkəzinə yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, gələcəkdə insanların həyat və sağlamlıqlına təhlükə yarada biləcək bu qəbildən hadisələrin təkrarlanmaması məqsədilə müvafiq icra strukturlarına konkret tapşırıqlar verilib.

2018-06-11 / 18:21
Facebook