Bakıda “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib

 

İyunun 5-də Bakı Konqres Mərkəzində “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib.

 Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva Forumda iştirak edib.

Dünya Ətraf Mühit Günündə təşkil edilən tədbirin məqsədi gənclər arasında Dayanıqlı İnkişaf Məqsədləri (DİM), xüsusən onların ekoloji aspektləri haqqında maarifləndirmənin artırılması, eləcə də gəncləri DİM səfirləri olmağa sövq etməklə onların 2030 Gündəliyinin həyata keçirilməsində rolunu gücləndirməkdir.

IDEA İctimai Birliyinin Heyvanlara Qayğı Mərkəzinin direktoru Surxay Şükürov dünya liderləri tərəfindən Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin qəbul edilməsi ilə nəticələnən BMT-nin Dayanıqlı İnkişaf Sammitinin bu ilin sentyabr ayında üç illiyinin qeyd ediləcəyini bildirərək, bu Gündəliyin insanlar, planet və rifah naminə fəaliyyət planı olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai birliyinin təsisçisi, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva Forumun açılış mərasimində çıxış edib.

Leyla Əliyeva planetimizin və onun təbii ehtiyatlarının mühafizəsi məqsədilə maarifləndirmə və fəaliyyətin təşviqi üçün ən mühüm gün olan Dünya Ətraf Mühit Gününü qeyd etmək üçün Forum iştirakçıları ilə birlikdə olmaqdan məmnunluğunu bildirib. “Bizim müzakirəmiz bu günü qeyd etmək və ətraf mühitlə bağlı aktual məsələlər və dayanıqlı inkişaf barədə danışmaq üçün böyük imkandır”, - deyən IDEA İctimai Birliyinin rəhbəri vurğulayıb ki, biz hər zaman vaxtın ötüb getdiyini və hərəkətə keçmək üçün yeganə zamanın indiki zaman olduğunu yadda saxlamalıyıq.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 2016-cı ildə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını xatırladaraq, həmin vaxtdan bəri ölkə üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edildiyini, eyni zamanda, dövlət proqramları və strategiyalarının bu məqsədlərlə uzlaşdırılmasının həyata keçirildiyini söyləyib. Qeyd edib ki, ötən il Azərbaycan “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası ilə əlaqədar ilkin addımlar haqqında Könüllü Milli Hesabat hazırlanaraq Yüksək Səviyyəli Siyasi Foruma təqdim edilib. “Dayanıqlı inkişaf – gələcək nəsillərin imkanlarını təhlükə altına qoymadan indiki dövrün ehtiyaclarını təmin edən inkişafdır”, - deyən Muxtar Babayev bildirib ki, bu inkişafın ekoloji aspektləri okean və dəniz ehtiyatları, iqlim dəyişmələri, ətraf mühit, tullantıların idarə edilməsi, ekosistemlər və biomüxtəliflik sahələrindəki məqsədləri əhatə edir. Buna nail olunması baxımından insan və təbiət arasında münasibətlərdə balansın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Burada dövlət və qeyri-hökumət təşkilatlarının, biznes qurumlarının, xüsusilə də gənclərin üzərinə böyük vəzifələr düşür. Ekologiya və təbii sərvətlər naziri bu məqsədlərin həyata keçirilməsində gənclərin rolunu vurğulayıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini icra edən Edvard Karvardin hər bir gəncin potensial milli sərvət olduğunu deyib. O, iqlim dəyişikliklərinin aradan qaldırılmasında gənclərin rolunu önə çəkərək, ətraf mühitin qorunmasının təşviq edilməsinin vacibliyinə nəzər salıb. Bu istiqamətdə Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, IDEA-nın gördüyü işlərin sırasına iyunun 9-da daha birisi əlavə olunacaq. Belə ki, İctimai Birliyin təşəbbüsü ilə Bakı çimərliyində ənənəvi təmizlik aksiyası keçiriləcək. Ekosistemin gücləndirilməsi, “yaşıl təşəbbüs”lərin təşviqi, ətraf mühitin qorunmasında kollektiv və fərdi iştirakın dəstəyi kimi məsələlərə toxunan Edvard Karvardin birgə səylər nəticəsində bir çox məsələlərin həll ediləcəyini vurğulayıb.

Sonra BMT baş katibinin Ümumdünya Ətraf Mühit Günü münasibətilə videomüraciəti nümayiş olunub.

Panel iclasla davam edən forumda “İqlim dəyişikliyi: adaptasiya və təsirlərin azaldılmasında gənclərin rolu” mövzusu ətrafında müzakirələr aparılıb. FAO-nun iqlim və ətraf mühit bölməsinin təbii ehtiyatlar üzrə mütəxəssisi Alaşiya Qordes “Dayanıqlı inkişaf nəsli: dəyişən iqlim şəraitində ərzaq təhlükəsizliyinin qorunması” məsələsi ilə bağlı fikirlərini bildirib. O, aclıqdan əziyyət çəkənlərin sayının artdığını təəssüflə qeyd edərək, bunun səbəblərini müharibə və iqlim dəyişikliyi ilə əlaqələndirib. Vurğulayıb ki, gənclər ərzaq təhlükəsizliyinin təmin olunması üçün məsələlərin həllində daha fəal olmalıdırlar.

UNDP GEF Kür II Layihəsi, baş texniki məsləhətçi və regional layihə koordinatoru Meri Mətyus “Su, iqlim dəyişikliyi və gələcəyimiz” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, əslində bu Forum vasitəsilə gənclərə suallar ünvanlanır və məqsəd gəncləri həmin sualları nəzərdən keçirib onlara cavab tapmasına yönəltməkdir. Meri Mətyus içməli suyun azlığına nəzər salıb, suyun qənaəti ilə bağlı fikirlərini çatdırıb. O, su ehtiyatları ilə bağlı çağırışların böyük olduğunu qeyd edərək, gəncləri bu məsələlərdən çıxış yolu tapmağa çağırıb.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycan gənclərinin iqlim dəyişikliyi ilə mübarizədə potensial rolundan danışıb. Gənclərin ölkəmizdə çoxluq təşkil etdiyini qeyd edən Fərid Cəfərov onların ətraf mühitin qorunması istiqamətində görə biləcəyi işlərə nəzər salıb, Gənclər Fondunun ekoloji layihələrin dəstəklənməsi ilə bağlı tədbirlərini diqqətə çatdırıb. Bildirib ki, Fond bu sahədə iki istiqamətdə - gənclərin ekoloji maarifləndirilməsi və gənclərin iştirakı ilə ekoloji problemlərin aradan qaldırılması istiqamətlərində fəaliyyət göstərir.

Forumda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd olunub ki, davamlı inkişaf bir-birinə bağlı olan üç təməl elementdən– iqtisadiyyat, cəmiyyət və ətraf mühitdən ibarətdir. 2030 Gündəliyi gənclərin gündəliyidir. Belə ki, dayanıqlı inkişaf anlayışı gələcək nəsillərin sərvətlərinə xələl gətirmədən hazırkı nəslin rifahının yaxşılaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, Gündəlik gəncləri inkişafın əsas aparıcı qüvvəsi kimi müəyyən edib. Lakin bunun üçün onlara öz potensialını reallaşdırmaq imkanı yaradılmalıdır.

Forum işini “Tullantıların idarə edilməsi: 3R (İstifadəni azalt, yenidən istifadə et, təkrar emal et) prinsipləri”, “Biomüxtəlifliyin qorunması: Azərbaycan üçün əhəmiyyəti nədir?”, “Davamlı enerji: insanları, iqtisadiyyatı və planeti transformasiya edərkən” mövzularında panel iclaslarla davam etdirib.

2018-06-05 / 18:58
Facebook