Azərbaycanda ceyranların sayı yeddi minə çatıb

 

 

Ceyranların balalama dövrü başa çatmaq üzrədir. Havaların mülayim keçdiyi illərdə ceyranların artımı mart-aprel aylarında, nisbətən soyuq hava şəraitində isə aprel ayından iyunun əvvəlinə qədər davam edir.

Hazırda Azərbaycan Respublikasında ceyran populyasiyasının sayının yeddi min başa qədər olduğu müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentindən bildirilib ki, XX əsrin 40-cı illərinədək ceyranlar respublikanın Acınohur, Kürəkçay vadisində, Eldar, Sarıca, Qarabağ, Mil, Muğan, Şirvan düzlərində, Qobustan çöllərində geniş yayılıb. 1960-cı illərə qədər ceyranların sayı kəskin azalmağa başlayıb. Lakin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il Sərəncamı ilə Şirvan Milli Parkı yaradıldıqdan sonra ceyranların nəslinin kəsilməsi təhlükəsi aradan qalxıb. Hazırda Azərbaycanda ən böyük ceyran populyasiyasının yayıldığı ərazi Şirvan Milli Parkıdır. May ayından Şirvan Milli Parkının ərazisində ceyranların balalama dövrü başlayıb. Hazırda Milli Parkda yeni doğulmuş ceyran balaları müşahidə edilir.

Ceyranların say tərkibinin tədricən çoxalması nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin əməkdaşlığı ilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 179 baş ceyran tarixi ərazilərinə reintroduksiya olunub.

2018-06-05 / 14:59
Facebook