• flag
  • Parisdə muğamın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi qeyd edilib

     

     

    Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan muğam ifaçılığının qurumun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə qəbul və konsert keçirilib.

    AZƏRTAC xəbər verir ki, UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı, Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə keçirilən tədbirdə ölkəmizin qurum yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov çıxış edərək muğam ifaçılığı, onun musiqi dünyasında və azərbaycanlıların həyatındakı yeri haqqında danışıb. Bildirib ki, mədəni dəyər və milli kimliyimizin əsası kimi muğam xalqımız tərəfindən yüksək qiymətləndirilir. Yetmiş il sərt nəzarət altında olan muğam Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən dirçələrək beynəlxalq aləmdə öz yerini tutub. A.Kərimov muğam sənətinin dərin köklərdən, tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə tamamilə yeni bir səviyyəyə qalxmasının və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın danılmaz əməyinin nəticəsi olduğunu vurğulayıb. O, ölkəmizin UNESCO layihələrinə töhfələrindən də söz açıb.

    A.Kərimov Azərbaycanın təşkilatın Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə namizədliyinə toxunaraq, ölkəmizin 2003-cü il Konvensiyasını ratifikasiya edəndən sonra qurumun fəal üzvünə çevrildiyini, Azərbaycanda mədəni irsin qorunması istiqamətində bir çox milli qanunvericilik aktlarının qəbul edildiyini və bu sahədə layihələr həyata keçirildiyini diqqətə çatdırıb. O, ölkəmizin qurumla əməkdaşlığa böyük önəm verməsindən, maddi və qeyri-maddi mədəni irsin müdafiəsi və qorunub saxlanması sahəsinə töhfələrindən danışıb.

    UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov muğamın milli və beynəlxalq səviyyədə təşviqində Azərbaycanın Birinci vitse–prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nın xoşməramlı səfiri Mehriban Əliyevanın böyük rolu olduğunu bildirərək, onun Azərbaycan və UNESCO arasında ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırıb.

    Elnur Sultanov Şimal və Cənub, Şərq və Qərb arasında siyasi, ticari və mədəni körpü olan ölkəmizin mədəniyyətlər və dinlər arasında dialoq mərkəzinə çevrildiyini vurğulayıb. Bildirib ki, Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın təşviqi üçün beynəlxalq platforma mövcuddur. O, 2010–2014-cü illərdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzvlüyü dövründə Azərbaycanın qurumun fəal və etibarlı tərəfdaşı olduğunu xatırladaraq, yenidən seçiləcəyi təqdirdə daha dinamik olacağını vurğulayıb. E.Sultanov ölkəmizin mədəni irsin müdafiəsi, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq sahəsində etibarlı qlobal tərəfdaş olduğunu qeyd edib. Bildirib ki, sözügedən komitəyə üzv seçilməsi zəngin təcrübəmizi digər üzvlərlə bölüşmək və onlarla tərəfdaşlıq və əməkdaşlıq ruhunda işləmək imkanı yaradacaq.

    Baş katib UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə Azərbaycanın namizədliyini dəstəkləməyə, qlobal qeyri-maddi mədəni irsin müdafiəsi kimi nəcib vəzifəyə birgə səylərlə töhfə verməyə çağırıb.

    Sonra “Mugham Souls” qrupunun üzvləri Elnur Mikayılov (kamança), Kamran Kərimov (Nağara), Ələsgər Məmmədov (tar), Vasif Hüseynzadə (piano), Şirzad Fətəliyev (balaban), Yusif Əzizovun (bass nağara) müşayiəti ilə Qoçaq Əsgərov və Pyer Treqomen “Sarı gəlin”, “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Bayatı Kürd” kimi muğamları ifa ediblər. Musiqiçilərin ifası alqışlarla qarşılanıb.

    Mədəniyyət Nazirliyinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə ölkəmizin namizədliyinə dair nəşri, “İRS” jurnalının UNESCO-nun Maddi və Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan mədəni irs nümunələrinə həsr edilmiş xüsusi nömrəsi tədbir iştirakçılarına paylanılıb.

    2018-06-05 / 11:48
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7000
    EUR 1.9967