Hyuston şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilib

 

 

ABŞ-ın Hyuston şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilib.

Tədbir Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Hyuston Birləşmiş Millətlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Mərasimin çoxsaylı qonaqları sırasında Texas ştatında akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, Azərbaycan, yəhudi, Pakistan, türk icmalarının nümayəndələri, ictimai və dövlət xadimləri iştirak ediblər.

Tədbirdə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İradə Axundova çıxış edərək 1976-cı ildən fəaliyyət göstərən Assosiasiyanın yaranma tarixi və gördüyü işlər barədə ətraflı məlumat verib.

Hyustonla Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti Harri Ci bayram münasibətilə Azərbaycan icmasını təbrik edib. Hyustonla 18 şəhərin qardaşlaşdığını və bu təcrübənin ölkələr arasında əlaqələrə müsbət təsir göstərdiyini bildirib.

Daha sonra Birləşmiş Millətlər Assosiasiyasının rəhbəri Daniel Stoeker çıxış edərək, ABŞ-Azərbaycan əməkdaşlığından, onun dinamik inkişafından danışıb.

Amerika Yəhudi Komitəsinin Hyuston şəhəri üzrə regional direktoru Randall Çarlinski Azərbaycanda millətlər və dinlərarası tolerantlıq barədə məlumat verib. O, 2017-ci ildə Texas ştatında baş vermiş “Harvi” qasırğası nəticəsində dağıntıya məruz qalmış Bet Yeşurun sinaqoqunun bərpasında SOCAR-ın dəstəyini vurğulayıb və minnətdarlıq edib.

Azərbaycan icması adından çıxış edən Gülər Ələkbərova Cümhuriyyətin yaranma tarixindən söz açıb.

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov iki ölkə arasında münasibətlərdən ətraflı danışıb, bu əlaqələrin Hyuston şəhərinin inkişafında xüsusi rolu olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bugünkü Azərbaycan 1918-ci ildə yaradılmış Cümhuriyyətin varisidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müdrik siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada etibarlı tərəfdaş və tolerantlıq məkanı kimi tanınır.

Azərbaycanın uğurlarını qeyd edən səfir dövlətimizin keçdiyi yolun asan olmadığını, müstəqilliyinin bərpasının ilk günlərindən Ermənistanın hərbi təcavüzünə məruz qaldığını vurğulayıb. Bildirib ki, hərbi təcavüz nəticəsində bir milyondan çox insan öz doğma ocaqlarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hazırda regionun lider dövlətidir.

Elin Süleymanov mayın 29-da Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin şəxsən iştirakını qeyd edib və bu tarixi hadisə barədə məlumat verib.

Çıxışının sonunda səfir tədbirin təşkilatçılarına, icma üzvlərinə, xüsusən də İradə Axundovaya dərin təşəkkürünü bildirib.

Daha sonra Texas ştatının qubernatoru Qreq Abbot, dövlət katibi Rolando Pablos və Hyuston şəhərinin meri Silvester Turner tərəfindən bu il mayın 28-nin Hyuston şəhərində Azərbaycan Xalq Cümhuriyyəti Günü elan edilməsi barədə bəyannamə səsləndirilib.

Tədbirin bədii hissəsində pianoçular Cəmilə Cavadova-Spitzberq, Təranə Taylor və onların tələbələri Mika Cianq, Şon MakDonald və Cili Cekson bəstəkar Qara Qarayevin əsərlərini ifa ediblər.

2018-06-02 / 12:07
Facebook