Dörd əcnəbi vətəndaşın dövlət sərhədini pozmasının qarşısı alınıb

 

 

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən  bildiriblər ki, mayın 30-da DSX-nin hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dörd əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında “pusqu” sərhəd naryadında olan sərhədçilər dörd nəfərin Azərbaycan Respublikası ərazisindən İran İslam Respublikası istiqamətində hərəkət etdiklərini aşkarlayıblar.

Sərhəd naryadı sərhəd pozucularının dövlət sərhədini pozmaq cəhdinin qarşısını alıb və həmin şəxsləri saxlayaraq sərhəd zastavasına gətirib. Sərhəd pozucularının üzərindən 3610 ABŞ dolları, 250 Banqladeş takası, 1 ədəd “Samsung”, 3 ədəd “Huaԝei” markalı mobil telefonlar və şəxsi əşyalar olan çantalar aşkarlanıb.

Araşdırma zamanı həmin şəxslərin Banqladeş vətəndaşları - 1997-ci il təvəllüdlü Hossain MD Lokman, 1998-ci il təvəllüdlü Hossain MD Rintu, 1998-ci il təvəllüdlü İslam Saiful, 1987-ci il təvəllüdlü Talukdar MD Aminul İslam olmaları dəqiqləşdirilib. İlk iki nəfərin Avrasiya Universitetinin, digər ikisinin isə Azərbaycan Texniki Universitetinin tələbələri olduqları müəyyənləşdirilib.

2018-06-01 / 12:31
Facebook