Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncamının icrasına başlanılıb

 

 

Mayın 25-də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" Sərəncamın icrasına başlayıb.

Verilən məlumata görə, Sərəncamın icrası Ombudsman Aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilir. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək, Sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin edirlər.

Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılırlar.

Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib.

Azadlığa çıxan şəxslər və onları qarşılamağa gələn ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə, mərhəmətlik siyasətinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanan əfv Sərəncamına görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Cəzadan azad olunan şəxslər cəmiyyətə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini bildiriblər.

Xatırladaq ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 607 Nnəfər Sərəncama əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər cəzadan azad edilib. Eləcə də islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən, 11 nəfər isə cərimə cəzasından azad olunub. Əfv olunan şəxslər arasında xarici ölkələrin 39 vətəndaşı da var.

2018-05-25 / 12:17
Facebook