Avstraliya rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

 

 

Millət vəkili Qənirə Paşayeva Avstraliya xarici işlər naziri Culi Bişop və Sidney meri Klover Mur ilə görüşüb.

Verilən məlumata görə, Azərbaycanın Avstraliya ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili görüşdə əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə toxunub.

Müzakirələr zamanı Q.Paşayeva Avstraliya rəsmilərinə Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili görüş zamanı 1 milyon azərbaycanlının, o cümlədən yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Q.Paşayeva deyib ki, bütün dünya qadınları, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.

Görüşdə iki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət təşkilatları, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğu vurğulanıb.

2018-05-19 / 14:21
Facebook