• flag
  • Arkanzas ştatının paytaxtında 28 May Azərbaycan Milli Günü elan olunub

     

     

    Arkanzas ştatının paytaxtı Litl-Rok şəhərinin meri Mark Stodola Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.

    Verilən məlumata görə, bəyannamədə 1918-ci il 28 may tarixində müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.

    Eyni zamanda, sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovet İttifaqının tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

    Qeyd edilir ki, Azərbaycan son 25 ildə suverenliyini və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

    Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da on minlərlə azərbaycanlı tərəfindən 28 May tarixinin milli bayram kimi qeyd edildiyi bildirilir, hər bir azərbaycanlının öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün verdiyi töhfələri xatırladıqları vurğulanır.

    Sonda şəhərin meri Mark Stodola imzaladığı bəyannamədə 2018-ci il 28 may tarixini Litl-Rok şəhərində Azərbaycan Milli Günü elan edib.

    2018-05-17 / 15:27
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7000
    EUR 1.9967