• flag
  • Heydər Əliyev Fondu: 14 il

     

    Zəngin dünyəvi dəyərə malik maddi və mənəvi irsimiz Azərbaycanın tarixi sərvəti, bəşəri irsə verdiyi ən böyük  töhfəsidir. Şərqlə Qərb arasında keçid rolunu oynayan, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən Azərbaycan mədəni-mənəvi dəyərlərinin tanıdılması, Azərbaycan gerçəkliklərinin dünyəvi qiymətləndirilməsi istiqamətində yorulmaz fəaliyyət Heydər Əliyev Fondu tərəfindən reallaşmaqdadır.

    Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. Fond ulu öndər Heydər Əliyevin xatirəsinə 2004-cü il 10 may tarixində təsis olunmuşdur. Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə də ötürməyi bacaran ulu öndər Heydər Əliyev daim elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisi və qoruyucusu olmuşdur. Məhz 14 ili əhatə edən məqsədyönlü fəaliyyəti ilə Fond bu amala sadiqliyini nümayiş etdirmişdir. Əldə olunan çoxşaxəli uğurlarımızda Fondun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın rolu danılmazdır.

    "Qarabağ xanəndələri" adlı musiqi albomunun, “Qarabağ həqiqətləri” bukletlər toplusunun, "Müharibə və tarixi mədəniyyət abidələrimiz", Parisdə ingilis dilində  “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması”, “Muğam haqqında əlyazmalar toplusu” , “Qarabağ xanəndələri” musiqi albomunun və s. nəşri Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz guşələrindən biri kimi dünya ictimaiyyətinə çatdırılmasında mühüm vasitə olmuşdur. Fondun dəstəyi ilə Xocalı soyqırımı hər il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən fəaliyyətə başlamış "Xocalıya ədalət"  beynəlxalq təbliğat-təşviqat kampaniyası erməni cinayətlərinin dünyəvi miqyasda ifşası üçün obyektiv mühit formalaşdırmışdır.

    Uşaqlara və ahıllara göstərilən nəvaziş, onlar üçün tikdirilən və təmir olunan çoxsaylı məktəb, səhiyyə ocaqları, musiqi liseyləri, uşaq evləri, talasemiya və diabetdən əziyyət çəkən uşaqlara xüsusi qayğı Fondun reallaşdırdığı fəaliyyətin ayrılmaz qoludur.  Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək,  insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək Fondun qarşıya qoyduğu əsas məqsədlərdəndir. Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binalarının tikilməsi, dini müəssisə və icmaların bərpası, uşaq bağçalarının tikilməsi, yaxud bərpası, uşaq əyləncə mərkəzlərinin yaradılması, həmçinin xarici dövlətlərlə əlaqələrin genişlənməsi məqsədilə ( Pakistanda qızlar məktəbinin, Sarayevoda Dostluq parkı, Həştərxanda Dostluq körpüsünün və s. tikilməsi) görülən tədbirlər sosial fəaliyyətin mahiyyətini təşkil edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Kor və zəif görən uşaqların informasiya kommunikasiya texnologiyalarına çıxışının təmin olunması" kimi layihələr alternativi olmayan xeyirxahlıq, humanistlikdir.

     

    "Təhsilə dəstək" layihəsi çərçivəsində 2004-cü ildən başlayaraq yeni dərs ilinin əvvəlində qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatının paylanması isə artıq ənənəyə çevrilmişdir. Fond tərəfindən 2005-ci ildən etibarən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”  proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir. Fondun “Təhsilə dəstək” layihəsi yalnız Azərbaycan hüdudlarıyla çərçivələnməmişdir. Belə ki, Fondun dəstəyilə Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu və önəmli layihələrdəndir.

    Heydər Əliyev Fondu təhsil, mədəniyyət, maarif, elm, texnologiyalar, ekologiya və idman sahələrində müxtəlif layihələrə dəstək verməklə, həm ölkə çərçivəsində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir. Bu layihələr xeyirxahlıq və humanistlik, mənəvi zənginlik baxımından da fərqlənir. Məqsəd isə müxtəlif mədəniyyətlər arasında kəsişən nöqtələri tapıb qloballaşan dünyada sülh şəraitində birgə yaşayışı təmin etməkdir. Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin, dəyərlərin, Qərb və Şərq təsirlərinin qovşağı kimi birgə yaşayışa əyani sübutdur.

    Ümummilli liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilmiş, qarşıya qoyduğu vəzifələri lazımınca yerinə yetirmək iqtidarında olduğunu sübut etmişdir. Ötən illər ərzində qazanılan uğurlara diqqət yetirsək Fondun Ulu Öndər prinsiplərinə sadiqliyini və bu öhdəliyə layiq olduğunu görərik. Məhz Fondun misilsiz xidmətləri nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ edilir.

     

     Nailə Məmmədova

    “Azerbaijan Realities”

     

     

     

    2018-05-15 / 18:02
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7000
    EUR 1.9349