• flag
  • Əli Həsənov: “Məqsəd birinci şəxsin və komandasının imicini zədələməklə ölkədə sabitliyi pozmağa nail olmaqdır”

     

    Mətbuat Şurasının təşkilatçılığı ilə "İnternet media və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: Media həmrəyliyi" mövzusunda dəyirmi masa keçirilir.

    Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, son dövrlər bəzi şəxslər sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına təhqirlər səsləndirirlər. O bildirib ki, qarşıdan prezident seçkiləri gəlir və bu kampaniya həm də seçkilərlə bağlıdır: "Təhqir, nifrət, qəzəb, sanki bir söyüş maşını işə düşüb və bu maşını dayandırmaq mümkün deyil. Məqsəd cəmiyyətdə vətəndaş qarşıdurması yaratmaq, hakimiyyətlə xalq arasında münasibətləri pozmaqdır. ABŞ və Avropa ölkələrində on minlərlə azərbaycanlı yaşayır. Son günlər keçirilən aksiyalar da həmin azərbaycanlıların Azərbaycana müsbət münasibətini ortaya qoyur. Bu təhqirləri dilə gətirənlər 3-4 nəfərdir. Bu yaxınlarda Məhəmməd Mirzəli və Orduxan Temirxan arasında dialoq yayıldı, onlar açıq şəkildə Azərbaycanda dövlət çevrilişinə çağırışlar edirdilər. Bu məsələlər bizi narahat etdi. Yəqin ki, müvafiq dövlət orqanları bu məsələləri araşdıracaq, müəyyən işlər görüləcək. Biz Azərbaycan xalqını narahat eldən bu sayaq hallarla barışmamalıyıq. Biz siyasi mübarizə müstəvisində bu sayaq hallardan istifadə edilməsinə yol verməməliyik. Azərbaycan xalqını, dövlətimizin rəmzlərini, ayrı-ayrı məmurları belə təhqir etmək olarmı?! Bu kimi hallar birmənalı yolverilməzdir".

    Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Mətbuat Şurasının təşəbbüsünün aktual mövzuya həsr olunduğunu söyləyib: "Ölkəmizin fəal ictimai-siyasi proseslər ərəfəsində olduğu dövrdə bu məsələnin ictimai müzakirəyə çıxarılması təqdirəlayiqdir.  Xatirinizdədirsə, 2000-ci illərin ikinci yarısında ABŞ-da Barak Obamanın qələbəsini "Twitter" inqilabı kimi səciyyələndirmişdilər. Təxminən o dövrdən etibarən sosial şəbəkələr dünya siyasətinə, qlobal informasiya mühitinə təsir edən, bir sıra hallarda ayrı-ayrı ölkələrdəki daxili siyasi mübarizənin taleyini həll edən əsas vasitələrdən biri kimi qəbul edilməyə başlayıb. Təsadüfi deyil ki, 2017-ci ildə ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsinin əsas səbəblərindən biri kimi də sosial şəbəkələrdə düzgün strategiyanın qurulması və həyata keçirilməsi göstərilir. Lakin ABŞ-dan fərqli olaraq, sosial şəbəkələrin son illərdə yaratdığı imkanların Avrasiya və Yaxın Şərq coğrafiyasında, xüsusən də ərəb ölkələrində hansı fəsadlara gətirib çıxardığı bu gün də əsas müzakirə mövzularından biridir. Hətta 2011-ci ildə Böyük Britaniyada baş vermiş iğtişaşlar zamanı sosial şəbəkələrdən istifadə məhdudlaşdırıldı və bu addımın “zərərli çağırışların qarşısını almaq” məqsədi daşıdığı bildirildi. Yəqin elə bu səbəbdəndir ki, Azərbaycanla qonşu olan böyük ölkələrdə ayrı-ayrı vaxtlarda sosial şəbəkələr məhdudlaşdırılıb, ya da böyük milli şəbəkələr yaradılmasına cəhd göstərilib. Etiraf etməliyik ki, bəzi ölkələrdə müəyyən nəticələr də əldə olunub. Azərbaycan heç bir dönəmdə, ən azından ümummilli lider Heydər Əliyev tərəfindən 6 avqust 1998-ci ildə KİV üzərindən bütün senzura və qadağalar ləğv olunduqdan sonra nə hər hansı media qurumunun fəaliyyətinə məhdudiyyət qoyub, nə yeni fenomen olan şəbəkə məhdudlaşdırma yolunu seçib, nə də ölkəmizdə milli şəbəkələrin qurulmasına ciddi təşəbbüs göstərib. Qlobal informasiya və ünsiyyət şəbəkələrinə giriş bizim ölkədə sərbəstdir və bəzi milli dönüklərin okeanın o tayından verdikləri saxta proqnozlara baxmayaraq, sərbəst də saxlanılacaq. Azərbaycan hakimiyyəti bəhs etdiyim dövrdə sosial şəbəkələrə cəmiyyətlə və dünya ilə asan təmas imkanlarından biri kimi yanaşıb və yanaşmaqda da davam edir. Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin özünün, müxtəlif dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Cənab prezident dəfələrlə sosial şəbəkələrdə qaldırılan problemlərə reaksiya verib, internetə məlumat mənbələrindən biri kimi yanaşdığını bildirib".

    Ə. Həsənov bildirib ki, bu gün Azərbaycanda “Facebook”, “Twitter”, “Youtube”, “Instaqram” və bu kimi sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşıb: "Cəmi 10 milyona yaxın əhalisi olan bir ölkə üçün bu, həqiqətən böyük göstəricidir. Azərbaycanda müasir rabitə və internet infrastrukturunun qurulması, tariflərin region ölkələrindəki qiymətlərlə uyğunlaşdırılması, hər kəsin bu sahədə sərbəst fəaliyyəti üçün şərait yaradılması, mövcud seqmentdə fikir plüralizminin təmin olunması ölkəmizdə sosial şəbəkələrin inkişafına müsbət təsir göstərən əsas amillərdir. Bütün bunlarla yanaşı, təəssüflə qeyd etməliyəm ki, Azərbaycan hakimiyyətinin sosial şəbəkələrə pozitiv münasibəti, bu seqmentdən geniş istifadə üçün yaratdığı hərtərəfli şərait qarşısında bəzi dairələrin mövcud imkanlardan sui-istifadə cəhdləri cəmiyyətimizi narahat etməyə bilməz. Müəyyən  xarici qüvvələrin və daxili siyasi qrupların Azərbaycan hakimiyyətinə, bir çox hallarda isə bütövlükdə Azərbaycan dövlətinə qarşı davamlı olaraq iyrənc kampaniya aparması bunu açıq şəkildə göstərir. Ayrı-ayrı vaxtlarda təşkil olunan kampaniyaların təşkilatçıları və iştirakçıları ölkədəki dünyəvi rejimi, etnik-dini münasibətlər sistemini hədəf götürür, ölkəmizin adının belə “tarixi səhv” nəticəsində yarandığı haqda uydurmalar yayırlar. Məqsədyönlü şəkildə açılmış, fərqli radikal dini qrupların, separatçı dərnəklərin nəzarətində olan səhifələr ölkədəki tolerant mühiti, ən böyük qazancımız və inkişafımızın rəhni olan sabitliyi hədəfə alırlar. Sirr deyil ki, bu çevrələr, dərnəklər, qruplar bəzi qonşu dövlətlərin, xüsusən Ermənistanın məkrli mərkəzlərinin təsiri altındadır. Yenə də təəssüflə qeyd etməliyəm ki, 2015-ci ildən üzü bəri dövlət başçısının şəxsiyyətinə, ailə üzvlərinə, komandasına, vəzifəli şəxslərin ailə üzvlərinə qarşı aparılan çirkin kampaniya anti-Azərbaycan mərkəzlərin fəaliyyəti ilə sinxronluq təşkil edir. Bu ardıcıllıq hətta böyük informasiya axınına çıxışı olmayan sıravi, amma diqqətli vətəndaşlarda belə koordinasiyalı fəaliyyət təəssüratı yaradır. İnformasiyalara çıxış olan dövlət adamları, ictimai xadimlər, media nümayəndələri üçün isə bu, sadəcə təəssürat deyil, real faktdır".

    Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki son zamanlar, xüsusən də Azərbaycanda növbəti prezident seçkiləri 11 aprelə təyin olunandan sonra bəhs olunan mərkəzlər məkrli “Azərbaycan layihəsi”ni dövriyyəyə buraxaraq, bu işə xarici ölkələrdə müxtəlif vasitələrlə öz təsirləri altında saxladıqları bəzi soydaşlarımızı qoşublar: "Qısa zaman kəsiyində bu çirkin kampaniya ifrat həddə çatdığına görə, ölkənin informasiya siyasətinə, diaspora nümayəndələri ilə əlaqələrə məsul şəxs kimi mən mövcud durumun kəskinliyi barədə xüsusi bəyanatla çıxış etdim və ölkə ictimaiyyətini məlumatlandırdım. Sizə artıq məlumdur ki, fevralın sonunda Niderlandda diaspora nümayəndələri ilə görüşdə, martın əvvəlində isə jurnalistlərin qurultayındakı çıxışımda mən üzümü bu kampaniyanı təşkil edənlərə və icraçılara tutaraq belə antimilli fəaliyyətin Azərbaycan cəmiyyəti tərəfindən heç zaman dəstəklənməyəcəyini bəyan etdim. Bunun ardınca Mətbuat Şurasının 15 illik yubileyində bir daha bu fəaliyyəti başlayanlara və icraçılara çağırış etdim. Amma təəssüf edirəm ki, onlar bu çirkin fəaliyyəti dayandırmadılar. Novruz bayramı günü mən yenidən, bu dəfə özlərini bizim hakimiyyətə opponent hesab edən qrupların sevimli platforması sayılan “Facebook” vasitəsilə çıxış etdim. Sevinirəm ki, ard-arda dərc etdiyim bu müraciət və statuslar media nümayəndələri, yaradıcı insanlar, QHT təmsilçiləri - bir sözlə, ölkə ziyalılarının geniş spektri tərəfindən müsbət qarşılandı. Çünki ortada  Azərbaycanın milli maraqları, dövlətimizin mənafeyi, xalqımızın mənəviyyatı məsələsi dayanmışdı. Mənim milli ziyalılarımızın belə məqamlarda, xüsusən də dövlətçiliyimizin əsaslarına təhlükə yarananda yüksək vətənpərvərlik göstərəcəklərinə heç bir şübhəm yox idi və belə də oldu. Bu gün cəmiyyətimizdə gedən müzakirələri, o cümlədən “Amerikanın səsi” radiosunda əks olunmuş bəzi tənqidi statusları da mən öz “Facebook” səhifəmdə paylaşmaqla bizim hakimiyyətin sağlam polemikaya açıq olduğunu bir daha göstərdim. Müzakirələrə aparıcı KİV-lərin rəhbərləri, millət vəkilləri, yaradıcı ziyalılar, QHT təmsilçiləri, ölkənin gələcəyi sayılan gənc fəallar qoşularaq öz dövlətçi, azərbaycançı baxışlarını ortaya qoymaqdadırlar. Əlbəttə, hərə öz səviyyəsində, məxsusi tərbiyə və intellektinin imkan verdiyi çərçivədə bu məsələyə münasibət bildirir, əks düşərgədə olanların ən sağlamları dialoq platformasının davamlı olmasının vacibliyini vurğulayırlar. Milli ziyalı elitasının reaksiyasını görən qaragüruhçu ünsürlər prezidentin köməkçisi olaraq mənim üstümə tökülüşüblər, özümü və ailəmi bacardıqları kimi, malik olduqları tərbiyə çərçivəsində təhqir edirlər, ünvanıma hər cür çirkab yağdırırlar. Nə etməli ki, onların sırasında vaxtilə mənə minnətdarlıq ifadə edən, gəlişigözəl sözlər söyləyən insanlar da var. Bəziləri mənim çıxışımdan sonra, hətta “söyüş atəşləri”nə moratorium qoyduqlarını bildirdilər. Lakin əsas odur ki, bu günlərdə həm ölkə daxilində, həm də xaricdə hər kəs anladı ki, Azərbaycan cəmiyyətinin, xüsusən də ziyalı təbəqəsinin, milli elitanın dəstəkləmədiyi hər hansı bir fəaliyyət məğlubiyyətə məhkumdur".

    Ə. Həsənov vurğulayıb ki, son günlərin müzakirələri həm də xaricdə oturub anti-Azərbaycan dairələrin aləti qismində çıxış edənlərin, söyüş makinasına yem olanların iç üzünü də açdı və cəmiyyətə tanıtdırdı: "O da göründü ki, Azərbaycanın daxilində oturub çirkin söyüş müxalifətini dəstəkləyənlər, onların mənəviyyatsız əməllərini bəzi hakimiyyət dairələrinin adına yazaraq prezidentin komandasında qarşıdurma yaratmaq istəyənlər daha ziyanlı mənəviyyat sahibidirlər. Bu müzakirələrdən sonra əvvəllər barışdırıcı kimi görünməyə çalışanların çıxışlarında, təhlillərində bir həqiqət etiraf olunmağa başlayıb - hədəf sadəcə prezident və onun ailə üzvləri, komandası, o komanda üzvlərindən biri olan mən - Əli Həsənov deyil. Məqsəd Şərq mentalitetinin incəliyinə hesablanıb – hədəf birinci şəxsin və komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütləvi narazılıq ovqatı formalaşdırmaqla, komandadaxili qarşıdurma yaratmaqla, ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır. Bu işin təşkilatçıları və icraçılarını Azərbaycanı suriyalaşdırmaq istəyən “virtual İŞİD” adlandırmaqda haqlı olduğum indi həmin qüvvələrin “ağsaqqalları” tərəfindən dolayısı ilə etiraf olunur. Əslində, bu, yeni plan da deyil. Hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlayanda erməni lobbisi öz mənfur arzusuna çatmaq üçün Bakını Beyruta, Azərbaycanı Livana çevirmək istəyirdi və bunu gizlətmirdi. Həmin qüvvələr və “sapı özümüzdən olan baltalar” 2003 və 2008-ci illərdə ciddi cəhdlə buna çalışdılar. Lakin o dövrdə prezident İlham Əliyevin xalqla birliyinə və dəmir iradəsinə çırpılaraq geri çəkildilər. Belələri 2013-cü ildə yeni bir məkrli plan quraraq, xarici dairələrin köməyi ilə “Milyarderlər İttifaqı” yaratdı və “aldanmış kəvakib”dən istifadə edərək hakimiyyəti ələ keçirməyə cəhd etdilər. Xoşbəxtlikdən hər dəfə də bu antimilli ünsürlər ölkə prezidentinin dəmir iradəsi, onun sədaqətli silahdaşlarının yekdil mövqeyi və ən əsası, Azərbaycan xalqının keçilməz müqaviməti ilə üzləşərək necə gəlmişdilərsə, eləcə də rədd olub getdilər. Bu gün də onlar yatmayıb, sadəcə olaraq, qəfil yaxalandıqları üçün hazırlıqsızdırlar. Odur ki, güman qalıb onların daimi bacardıqları işə - xəyanətə, hiyləyə və bir də söyüşə. Bu dəfə “livanlaşdırma” termini də dəyişib və “suriyalaşdırma” ilə əvəz olunub. Mən jurnalistlərin qurultayında etdiyim çıxışımda bildirmişdim ki, milli iradəsi çox güclü olan prezidentimin ətrafında, qüdrətli milli ordumuzun əhatəsində və peşəkar media jurnalistlərimizin arasında özümü həmişə güclü hiss edirəm. Bu gün də o fikrimdə qalıram ki, təmsil etdiyim qüdrətli dövlətə və onun müzəffər ordusuna, köməkçisi olduğum dəmir iradəli prezidentə, milli dəyanətinə söykəndiyimiz ziyalılarımıza, elitamıza, o cümlədən onların sırasında xüsusi yer tutan peşəkar jurnalistlərimizə qalib gələ biləcək və onları sağlam yoldan sapdıra biləcək heç bir qüvvə mövcud deyil. Jurnalistlər gözəl xatırlayırlar ki, mən dövlət qulluğunda olduğum 25 ildə dəfələrlə olub ki, islam dininin qurucusu Məhəmməd peyğəmbər, müasir dövlətimizin banisi və qurucusu, ümummilli liderimiz Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk,  türk dünyasının ortaq dəyərlərindən hesab etdiyim dahi şair və yazıçılar, başqa dəyərli varlıqlar haqqında gərəksiz ifadələrə rast gələndə sərt çıxışlar etmiş, milli dəyərlərimizi qorumağın vacibliyini bildirmişəm. Hesab edirəm ki, indiki durum da həmin hallar qədər, bəlkə də daha artıq dərəcədə ciddidir. Çünki hazırkı siyasət masasının üzərində bizim dövlətin əsas maraq və mənafeləri, dəyərləri, bütün dünyada yaşayan soydaşlarımızı birləşdirən azərbaycançılıq ideyasının taleyi, dövlət təhlükəsizliyimiz,  mənsub olduğumuz xalqın milli-mənəvi dəyərləri və milli heysiyyətimiz durur. Özünü azərbaycanlı sayan heç kimin biganə qala bilməyəcəyi dəyərlərimizə haqsız, məkrli, düşünülmüş, koordinasiya edilən hücum var. Belə hallarda heç birimiz gözləmə mövqeyi tuta bilmərik. Biz ya ictimai meydanı dövlətimizi “Aran”, “Abşeron sultanlığı” adlandıran xain və məkrli qüvvələrin əlində alətə çevrilmiş  qaragüruhçu ünsürlərə verməli, ya da milli elitanı, ölkə ziyalılarını səfərbər edərək bu antiəxlaq ünsürlərinə “dur” deməliyik, insanları yanlış yoldan çəkindirməyi bacarmalıyıq. Buna görə də xalqımız və dövlətimizin firavan gələcəyi naminə fəaliyyət göstərən millət vəkillərimiz, siyasətçilərimiz, alimlərimiz, yazıçılarımız -  bir sözlə, ziyalı adını daşıya biləcək hər kəs öz mövqeyini nümayiş etdirməli və biabırçı söyüş makinasını, təhqir qaragüruhunu dayandırmalıdır".

    2018-03-30 / 12:19
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7000
    EUR 1.9349