Prezident İlham Əliyev: “Azərbaycana böyük turist axını gözlənilir”

 

 

“İndi Astara-Rəşt dəmir yolunun tikintisi, gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə tam başlaması nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılmalıdır və bu iş yerlərini sahibkarlar açmalıdırlar. Ticarət dövriyyəsi əminəm ki, həm ikitərəfli, həm çoxtərəfli formatda kəskin artacaq. Energetika sahəsində biznes imkanları genişlənir. Dünən cənab Prezidentlə biz bunu geniş müzakirə etdik və nazirlərə də müvafiq göstərişlər verildi ki, tezliklə elektroenergetika sahəsində bizim planlarımız reallaşsın. Bu, tam realdır və əminəm ki, biz buna nail olacağıq. Böyük turist axını gözlənilir. Onsuz da hər il Azərbaycandan İrana, İrandan Azərbaycana yüz minlərlə insan səyahət edir. Dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Ona görə də turizm infrastrukturuna böyük investisiyalar qoyulmalıdır. Mən həm Azərbaycan, həm İran iş adamlarına müraciət edərək onları bu işlərə dəvət edirəm. Həm İranda, həm Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu, turizm infrastrukturuna, otellərin tikintisinə, digər turizm infrastrukturuna qoyulacaq sərmayə əminəm ki, batmayacaq, əksinə yaxşı gəlir gətirəcək”.

Bu fikirləri  prezident İlham Əliyev Azərbaycan-İran biznes forumunda çıxışı zamanı deyib.

“Biz dünən, eyni zamanda, Xəzər dənizindəki blokların işlənməsi haqqında anlaşma memorandumu imzaladıq. Bu da tarixi əhəmiyyətli qərardır. Ümumiyyətlə, cənab Prezident Ruhaninin Azərbaycana hər bir səfəri böyük əhəmiyyət daşıyır və mənim İrana səfərlərim də həmçinin. Bu səfərlər çərçivəsində bir çox sənədlər imzalanmışdır və onların hamısı reallaşır. Deyə bilərəm ki, elə bir məsələ yoxdur ki, biz qərara gələk və onun nəticəsini görməyək. Bu səfər də tarixi səfərdir. Çünki bu səfər zamanı iki tarixi sənəd imzalandı - Xəzər dənizindəki bloklarla bağlı sənəd və Astara-Rəşt dəmir yolunun tikintisi. Eyni zamanda, biz dünən cənab Prezidentlə bu günə qədər həll olunmayan məsələlər ətrafında da fikir mübadiləsi apardıq. Bizim bütün görüşlərimiz çox səmərəli və məhsuldardır. Hansı məsələlər hələ ki, həll olunmayıb o məsələləri biz daim diqqətdə saxlayırıq. Həll olunmayan məsələlərin siyahısına baxdıqda indi bir çox məsələlər o siyahıdan çıxarılıb. Çünki onlar öz həllini tapıb”, - deyə o vurğulayıb.

Prezident qeyd edib ki, həllini gözləyən məsələlərdən biri də bank və maliyyə sektorlarındakı əməkdaşlıqdır: “Dünən müvafiq göstərişlər verilib. Əminəm ki, növbəti görüşə qədər bu məsələ də öz həllini tapacaq. Ticarət dövriyyəsinin artırılması, energetika sahəsində birgə fəaliyyətimiz – bu, indi növbəti dövrdə gündəlikdə duran əsas məsələlərdir. Əlbəttə, biz çox şadıq ki, son vaxtlar İrandan olan iş adamları Azərbaycana, Azərbaycan iqtisadiyyatına daha böyük maraq göstərirlər. Biz iranlı qardaşlarımızı görməyimizə həmişə şadıq. Onlar Azərbaycanda həm investor, yəni, sərmayə qoyan, həm də podratçı kimi uğurla fəaliyyət göstərə bilərlər. Bu fəaliyyət üçün bütün imkanlar var. Əsas xalqlarımızın birliyi, dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olması və bizim təşəbbüsümüzlə reallaşan layihələrin gələcək imkanlarıdır. Biz bölgəmizdə yeni reallıq yaradırıq. İran-Azərbaycan əlaqələri artıq regional təhlükəsizlik, sabitlik, əməkdaşlıq üçün önəmli amilə çevrilib. Bunu biz etmişik, özü də qısa müddət ərzində”.

2018-03-29 / 15:17
Facebook