• flag
  • Robert Sekuta: Azərbaycan regionda strateji mövqeyə malikdir

     

    Azərbaycan regionda strateji mövqeyə malikdir.

    Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta martın 28-də Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri ilə diplomatik xidmətinin başa çatmasına həsr olunmuş aylıq işgüzar naharda deyib.

    "AmCham Azərbaycan"ın prezidenti Nuran Kərimov və icraçı direktoru Natəvan Məmmədova səfirə Azərbaycanda həyata keçirdiyi xüsusi xidmətlərinə görə minnətdarlıqlarını bildiriblər, 2015-ci ildən Bakıda fəaliyyət göstərən səfirin palatanın işinə böyük töhfə verdiyini vurğulayıblar.

    ABŞ səfiri Sekuta Azərbaycanda diplomatik xidmətdə olduğu bu bir neçə il ərzində Azərbaycanda reallaşan müxtəlif layihələrə ölkəsi tərəfindən yatırılan sərmayələr barədə, o cümlədən "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin uzadılması və dünyanın ən böyük neft şirkətlərindən olan ABŞ-ın "ExxonMobil" və "Chevron" korporasiyasiyalarının müxtəlif yerli layihələrdə səhmdar kimi çıxış etməsi barədə geniş məlumat verib.

    Bildirib ki, bu müddət ərzində ABŞ Azərbaycanda 3 müxtəlif ticarət missiyasını həyata keçirib. Səfir Robert Sekuta ABŞ-ın Texas ştatının Bakı ilə qardaşlaşmış Hyuston şəhərində keçirilmiş neft və qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan "Dənizdə Texnologiyalar Konfransı"nda Azərbaycan nümayəndə heyətinin iştirak etməsini xüsusilə vurğulayıb. Bu konfransın Xəzərin enerji resursları və enerji mərkəzi kimi imkanları, dənizdə neft yataqlarının işlənməsinə dair məlumat mübadiləsi aparılması və bu sahədə tətbiq edilən son texnologiyalar barədə məlumatlanmaq baxımından yüksək əhəmiyyətini qeyd edib.

    Səfir bildirib ki, Azərbaycanda qadınların sahibkarlıqla məşğul olmasına həvəsləndirmək məqsədilə ABŞ tərəfindən təşkil olunmuş təlimlər bu müddət ərzində daha geniş vüsət alıb.

    Son dövrlərdə Azərbaycan qadınlarının beynəlxalq arenada öz sözünü deməsini yüksək qiymətləndirən səfir R.Sekuta "Rainergy" ixtirası ilə məşhurlaşan Reyhan Camalovanın da uğurunun bunun bariz nümunəsi olduğunu deyib.

    Səfir ABŞ ilə Azərbaycan hökumətinin birgə səyləri nəticəsində amerikalı iş adamları ilə yerli sahibkarların əməkdaşlığını gücləndirmək məqsədilə atılan addımların şəffaf biznesin qurulması, dialoqun aparılması, ikitərəfli əlaqələrin daha da mökhəmlənməsinə bir töhfə olduğunu vurğulayıb.

    R. Sekuta Azərbaycanın regionda strateji mövqe tutduğunu deyib. O, Azərbaycanın neft-qaz ölkəsi olduğunu və bu istiqamətdə strategiyasını davam etdirdiyini bildirib: "Bu strategiya ilə yanaşı Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi üçün tədbirləri davam etdirməlidir.

    "Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, o cümlədən Ələt limanı “Şərq-Qərb”, həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri ticarət əlaqələrinin möhkəmlənməsinə təsir edəcək strateji layihələrdir. Bu layihələr Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə töhfə verir", - deyə səfir bildirib.

    O, bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyinin qeyd ediləcəyinin əhəmiyyətini vurğulayıb və Azərbaycanın Şərqdə yaranan ilk demokratik respublika olmasını və onun müsəlman Şərqində qadınları səs vermək hüququ ilə təmin etmiş ilk ölkə olmasını tədbir iştirakçılarına xatırladıb.

    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bu problemin beynəlxalq səviyyədə razılaşdırılmış prinsiplərə əsasən sülh yolu ilə həllinə çağırıb.

    Qeyd edək ki, diplomatik korpusun nümayəndələri də daxil olmaqla tədbirdə 100-dək qonaq iştirak edib.

    2018-03-28 / 17:35
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7000
    EUR 2.0981