Milli Məclisdə məcburi dövlət sosial sığorta üzrə borcların silinməsini nəzərdə tutan qanun qəbul edilib

 

Milli Məclisin bu gün keçirilən iclasında prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

 Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu qanun layihəsində üç əsas məsələ öz əksini tapıb. “Bu məsələlərdən biri 2006-ci ilə qədər olan sığiorta haqları üzrə yaranan borclarla bağlıdır. Bunların məbləği 100 milyon manatdır. İkinci məqam 2006-cı ildən 2015-ci il 1 yanvar tarixinə qədər qədər olan borca görə yazılan cərimələrdir ki, bunların da məbləği  55 nmilyon manatdır. Üçüncü məqam 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinə qədər yaranmış borclarla bağlıdır ki, onların da həcmi təxminən 26,7 milyon manatdır. Bütün bu tədbirlər sahibkarların iş şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulub”.

 Xatırladaq ki, qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsinə əsasən, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Sənədə əsasən sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin  müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir; 

Qeyd edək ki, məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qalığına şamil ediləcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

2018-03-06 / 14:13
Facebook